Laçında keçirilən Üçtərəfli Zirvə Toplantısı Azərbaycanın yaratdığı yeni reallıqların nümayişidir

İndi həm dünyada, həm də regionumuzda bir çox siyasi şərhçilər, hərbi ekspertlər, köşə yazarları ötən gün üç qardaş ölkənin liderlərinin Laçında keçirilən ikinci Zirvə görüşündən danışır, yazır, şərh verirlər. Laçın Zirvəsinə bu qədər böyük marağın olması tamamilə təbiidir. Çünki həm Laçın Beynəlxalq Hava limanının açılışı, həm də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü nəticəsində formalaşan üçtərəfli hərbi-siyasi əməkdaşlıq formatı Laçını Şərqi Zəngəzurun güc rəmzi kimi önə çıxartdı. Ən əsası isə, sözügedən Zirvə görüşünün Laçında keçirilməsinin özü ayrıca bir mesajdır.

Bu, danılmaz faktdır ki, Prezident İlham Əliyevin beynəlxalq müstəvidə atdığı uğurlu siyasi addımları artıq öz bəhrəsini verir. Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli hərbi-siyasi əməkdaşlığının yeni regional platforma kimi ortaya çıxması da məhz həmin siyasi addımların nəticəsidir. Bu baxımdan, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında – Qələbəmizin mühüm satrateji ünvanlarından birində bir araya gəlməsi gücümüzün və birliyimizin təqdimatı olmaqla yanaşı, dünyaya verilən önəmli mesaj kimi dəyərləndirilməlidir. Bu, Azərbaycana verilən dəstək və həmrəylik mesajı, birlik ismarıcı idi.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif Laçında bir araya gələrək üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədilər. Ona görə də Prezident İlham Əliyevin Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı səsləndirdiyi “əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq” sözləri Azərbaycana qarşı məkrli planlar cızan güclərə də qapaq oldu. Bəli, Azərbaycan-Türkiyə-Pakistan birliyi ortaq düşmənlərimizi neytrallaşdırmaq üçün ən uğurlu formatdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsertdən əvvəl çıxışında qalib Azərbaycanımızın nailiyyətlərini, uğurlarını ümumi qürur mənbəyi kimi qiymətləndirməsi və İlham Əliyevin Türkiyə və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələri xüsusi olaraq vurğulaması da birliyimizin ən yüksək səviyyədə olduğunu göstərir: “Azərbaycanın nailiyyətləri ümumi qürur mənbəyidir. Qardaşım İlham Əliyevin töhfəsi sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı gündən-günə güclənir və təkcə region deyil, bütün dünya üçün əməkdaşlıq nümunəsinə çevrilir”.

Beləliklə, üç ölkənin liderləri tərəfindən Laçından verilən mesajlar dostlarımızla yanaşı, Ermənistana və onun ənənəvi havadarlarına çox ciddi xəbərdarlıq oldu. Fransa, Rusiya, İran, Hindistan kimi ölkələrin Ermənistanı revanşizmə təhrik etməsi onsuz da heçnəyi dəyişməyəcək. Çünki Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıqları son beş ildə daha da möhkəmləndirib. Laçında keçirilən Üçtərəfli Zirvə Toplantısı da elə Azərbaycanın yaratdığı bu yeni reallıqların nümayişidir.

Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatı bu qəbildən olan digər hərbi-siyasi formatlardan çox fərqlidir və unikaldır. Çünki bu platforma təkcə gücümüzün nümayişinə yox, həmçinin regionda və dünyada sülhün və sabitliyin bərqərar edilməsinə hesablanıb. Şər qüvvələri yalnız Xeyirin gücü ilə ram etmək, sülhə məcbur etmək mümkündür. Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən, İranın və Rusiyanın Suriyada Türkiyə tərəfindən, Hindistanın isə son toqquşma zamanı Pakistan tərəfindən neytrallaşdırılması bu fikrimizin əyani təsdiqidir.

Odur ki, üç qardaş ölkənin müdafiə sahəsində əməkdaşlığı birmənalı olaraq yalnız və yalnız sülhə xidmət edir. Bu mənada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan qayıdarkən jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırdığı zaman ölkəsinin Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olmasına böyük əhəmiyyət verdiyini vurğulaması heç də təsadüfi deyil: “Biz Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olmasına böyük əhəmiyyət veririk. Azərbaycan və Ermənistan arasında atılan addımları alqışlayırıq. Biz də sülh prosesinin inkişaf yolu ilə bağlı əldə olunan razılaşmanın sabitlik sazişinin mətni olacağına ümid edirik”.

Ərdoğan həmçinin Laçın Beynəlxalq Hava Limanının da əslində sülh platforması olduğunu bildirib. Türkiyə lideri deyib ki, bu platforma bölgəni dünyaya birləşdirəcək, Laçını və ətrafını firavan gələcəyə hazırlayacaq: “Hava limanı təkcə yerləşdiyi regionun deyil, bütün Azərbaycanın potensialını, başqa sözlə, ölkə daxilində hərəkətə gətirəcək. Bu infrastruktur sərmayələri həm də sülhə yol açacaq”.

Beləliklə, Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçından verdikləri ismarıclar həm də sülh ismarıcları idi. Söhbət real sülhdən gedir. Odur ki, Ermənistan da sülh imitasiyasından əl çəkib, artıq real sülhə fokuslanmalıdır. Bu sülh yalnız Azərbaycan və Ermənistan üçün deyil, bölgə ölkələri üçün də önəmlidir. Azərbaycanla Ermənistan arasında sülh, Türkiyə ilə Ermənistan arasında isə normallaşma təmin olunduqda və Zəngəzur dəhlizi açıldıqda bütün ölkələr bunun müsbət nəticələrini görəcək. Odur ki, təkcə Ermənistan yox, İran, Rusiya kimi qonşu ölkələr də sülhə əngəl olmaq yox, dəstək vermək yolunu tutmalıdırlar.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »