Prezident Müstəqillik Günü ərəfəsində Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etməklə may ayını onlar üçün həqiqətən də ikiqat bayrama çevirdi
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın çağdaş İntibahının, yeni Dirçəlişinin növbəti ünvanıdır. Hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi uğurla davam edir. Otuz ilə yaxın davam edən işğal dövründə erməni vandalları tərəfindən tam olaraq dağıdılmış, xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəliş, yenidənqurma və dayanıqlı inkişaf dövrünü yaşayır. Biz Qarabağla və Şərqi Zəngəzurla bağlı demək olar ki, hər gün yeni-yeni xoş xəbərlər eşidirik. Bu xəbərlərdən adamın ürəyi dağa dönür. İnsanlarımızın, xüsusən də keçmiş məcburi köçkünlərimizin ən böyük arzusu Qarabağımızı azad görmək idi. Bu arzumuz artıq gerçəkləşib, Müzəffər Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edilib. Bu gün Qarabağımızın hər bir guşəsində Azərbaycan bayrağı dalğalanır. Yenidən qurulan şəhər və kəndlərimizə qayıdışın miqyası, əhatə dairəsi gün-gündən genişlənir. Laçın rayonunun Bəylik kəndi də Böyük Qayıdışın yeni ünvanlarından biridir.
Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü ərəfəsində, mayın 27-də Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara yenidən tikilən evlərinin açarlarını təqdim etməklə may ayını onlar üçün həqiqətən də ikiqat bayrama çevirdi. May ayı 44 günlük İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə, uzun illər ərzində hər il Şuşanın, Laçının işğal təqvimi kimi xatırlanırdısa, lakin indi qalib Liderimizin, qalib Dövlətimizin, qalib Ordumuzun sayəsində bu ay artıq xoş günlərimizin soraqçısına, bayramlar ayına çevrilir. Bu məqamı Cənab Prezident də Bəylik kəndinin sakinləri ilə söhbət edərkən xüsusi olaraq vurğuladı: “May ayı sizin üçün ikiqat bayram ayı olacaq – həm müstəqillik bayramı, həm də Bəyliyə qayıtdığınız gün. Amma may ayı laçınlılar üçün faciəvi ay olmuşdur. Məhz may ayında Laçın işğala məruz qaldı, Şuşa işğalından 10 gün sonra. Bu, böyük bir faciə idi, böyük bir bəla idi həm sizin üçün, həm də bütün ölkəmiz üçün. Çünki məhz Laçının işğal altına düşməsi müharibədə ondan sonrakı uğursuzluqlarımızın təməlini qoydu. Çünki ovaxtkı Dağlıq Qarabağ bölgəsi coğrafi nöqteyi-nəzərdən Ermənistanla birləşdi. Mənfur Laçın dəhlizi açıldı, hansı ki, indi yoxdur. Artıq uzun illərin Laçın-Xankəndi yolu var. Laçın dəhlizi tarixdə qaldı”.
Həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda qızğın mübarizə getdiyini xatırladan dövlətimizin başçısı deyib: “O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər, o da ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır. Amma o, artıq tarixdə qaldı. O tariximizin qara səhifəsi çoxdan bağlandı. Azərbaycan bu gün bütün ərazisində öz suverenliyini bərpa edib. May ayı bundan sonra ancaq sizin üçün, bizim hamımız üçün bayram ayı kimi olacaqdır”. Bəli, həmin dövrdə ölkəmizdə yaşanan faciəli siyasi təlatümlər nəticəsində torpaqlarımızı itirməyimiz bizim üçün həqiqətən də çox acı və böyük dərs oldu. Dövlətimizin başçısı Bəylik kəndində çıxışı zamanı həmin acılı-ağrılı dövrü ona görə xatırlatdı ki, bugünkü qələbələrimizin, uğurlarımızın qədrini bilək, ərazi bütövlüyümüzü və suverenliyimizi göz bəbəyimiz kimi qoruyaq. Bu mənada, elə etməliyik ki, Prezidentimizin təbiri ilə desək, may ayı bundan sonra həmişə bayram ayı olsun, hər günümüz qurub-yaratmaqla tarixə keçsin.
Prezident, həmçinin 18 may – Laçının işğal gününün, 8 may – Şuşanın işğal gününün artıq tarixdə qaldığını vurğulamaqla yanaşı, indi bizim qələbə tarixlərimizin, gözəl bayramlarımızın yarandığını da diqqətə çatdırdı: “İndi bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may – Laçının işğal günü, 8 may – Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var – Zəfər Günü, bizim 26 Avqust günümüz var – Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var – o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr – bu da bizim böyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu. Baxmayaraq ki, hələ həm İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra, 2023-cü ilin sentyabr ayına qədər müxtəlif xarici dairələrdən müxtəlif məkrli təşəbbüslər irəli sürülürdü. Heç birinin əhəmiyyəti olmadı. Çünki dediyiniz kimi, “Dəmir yumruq” yerindədir”.
Yeri gəlmişkən, işğaldan azad edilən ərazilərdə bərpa edilən şəhər və kəndlərimizin sayı artıq 15-ə çatıb. Bu barədə Prezident İlham Əliyev Bəylik kəndinə köçən sakinlərlə görüşündə məlumat verdi və onu da qeyd etdi ki, azad edilən ərazilərdə hazırda 40-43 min adam yaşayır, işləyir, təhsil alır: “Biz 30 illik erməni işğalına son qoyandan sonra dərhal bütün rayonlarda bərpa-quruculuq işlərinə start verildi, erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Bəylik kəndi də ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın, sizin qonşu kəndiniz vaxtilə bir kənd olub, Sus kəndi, o tərəfdə Zabux, Laçın şəhər. İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir. Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar”.
Onu da qeyd etməliyik ki, söhbət sadəcə yaşayış yerlərinin bərpasından, yenidən tikilməsindən getmir. Bu proses həm də qalıcı sosial rifahın və daimi yaşayışın təməlidir. Ona görə də işğaldan azad edilmiş ərazilərdə yenidən qurulan şəhər və kəndlərdə əhalinin dayanıqlı şəkildə yerləşməsi ilə yanaşı, məşğulluğun təmin olunması istiqamətində də geniş işlər görülür. Misal olaraq, mayın 27-də açılışı olan Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, eləcə də kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Həmçinin, mayın 27-də Prezident İlham Əliyevin iştirakı ilə Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı baş tutdu, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi açıldı, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının, “LATIFA” Laçın tikiş fabrikinin açılışı da gerçəkləşdi.
Beləliklə, 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı”nın nəzdində bu gün artıq 12 müəssisə fəaliyyət göstərir. Laçın Sənaye Parkında sözügedən istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından da böyük əhəmiyyət daşıyır. Bütün bunlar öz növbəsində yeni və daimi iş yerləri deməkdir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Beləliklə, uzun illər ərzində Ermənistan tərəfindən işğala məruz qalmış və viran edilmiş, talanmış Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Eyni zamanda, bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. Bu gün (mayın 28-də) qardaş Türkiyə və Pakistan liderlərinin də iştirakıyla açılışı gerçəkləşəcək Laçın Beynəlxalq Hava Limanı isə Qarabağ və Şərqi Zəngəzurun hava qapılarını bütün dünyaya açacaq.
Bütün bunlar cəmi bir neçə il ərzində görülən olduqca nəhəng işlərdir. Lakin Prezident İlham Əliyev Bəylik kəndinin sakinləri ilə görüşündə onu da bildirdi ki, hələ Laçında görüləsi işlər çoxdur. Onu da qeyd etməliyik ki, bütün bu işlər öz daxili imkanlarımızla görülür. Azərbaycan dövləti heç bir xarici dəstək olmadan, beynəlxalq maliyyə qurumlarının dəstəyinə ehtiyac duymadan Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Böyük Qayıdışın ilk ünvanlarından biri olan Laçında genişmiqyaslı bərpa-quruculuq işlərini uğurla davam etdirir. Bu mənada ötən gün Cənab Prezidentin sosial media hesablarında Laçın şəhərində sakinlərlə görüşündən görüntülərin paylaşılması və həmin paylaşımda bu sözlərin yer alması heç də təsadüfi deyil: “Biz Laçını qurub-yaradırıq!”. Bəli, biz Laçını, Şuşanı, Xankəndini, Xocalını, Ağdərəni, Ağdamı, Füzulini, Qubadlını, Cəbrayılı, Zəngilanı, Kəlbəcəri – bir sözlə, bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurub-yaradırıq. Çünki bu torpaqların əzəli və əbədi sahibləri məhz bizik. Allah dövlətimizi qorusun və ucaltsın!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.