İlham Əliyevin Ərdoğanla birgə Laçın Beynəlxalq Hava Limanının rəmzi açılış lentini kəsməsi may ayının bayramlar siyahısını biraz da genişləndirdi

Bu gün Azərbaycanda milli bayram olan 28 May – Müstəqillik Günü qeyd olunur. Düz 107 il əvvəl bütün Şərqdə, o cümlədən Türk dünyasında ilk demokratik respublika qurulub, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib. Cümhuriyyətin qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində, Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti təkcə bizim yox, bütün Türk-İslam dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşüb. Müstəqillik Günü milli qürur simvolumuzdur, tariximizin şanlı səhifəsidir.

AXC-nin yaradılması dövlətçilik tariximizdə çox mühüm mərhələni təşkil edir. Cümhuriyyətin qurulmasıyla 1828-ci ildə baş vermiş çar Rusiyasının işğalından sonra itirilmiş dövlətçiliyimiz bərpa olundu. Bu tarixi hadisə milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsinə çevrildi. Biz qədim dövlətçilik ənənələrimizi yenidən bərpa etdik. Təəssüf ki, AXC-nin ömrü az oldu – cəmi 23 ay mövcudluqdan sonra, 1920-ci il aprelin 28-də bolşevik istilası nəticəsində gənc Cümhuriyyətimiz süqut etdi. Lakin bu qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirə bildi. Bu mənada, Prezident İlham Əliyevin öz çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və onun iki il ərzindəki fəaliyyətini böyük tarixi hadisə kimi qiymətləndirməsi Cümhuriyyət irsimizə verilmiş ən yüksək qiymətdir.

Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda, Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib və elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib. Həmin qanuna əsasən, artıq hər il mayın 28-i ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur.

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan xalqı öz dövlət müstəqilliyini yenidən bərpa etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın o vaxtkı parlamenti (Ali Sovet) “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bu tarixi qərarın qəbulu zamanı 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub. Həmin Konstitusiya Aktına əsasən, Azərbaycan Respublikası AXC-nin varisi kimi təsbit edilib.

Müstəqilliyimizin bərpasında və sonrakı mərhələdə onun qorunmasında Ulu Öndər Heydər Əliyevin də müstəsna rolunu xüsusi olaraq qeyd etməliyik. Məhz Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə çağrılan sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar verilib. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq Naxçıvan Ali Məclisində qaldırılıb.

Ulu Öndərimizin əsasını qoyduğu siyasətin sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin qorunmasında və getdikcə daha da möhkəmlənməsində mühüm rol oynayıb. Belə ki, son 22 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil respublikamız inkişafın bütün sahələrində ən yüksək nəticələrə imza atıb, iqtisadi müstəqilliyimiz tam təmin edilib. Ən əsası isə, məhz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal antiterror tədbirləri zamanı qazandığı şanlı qələbələr sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyi bacardı, qalib dövlətə çevrildi, Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı və bölgənin lider dövləti statusunu tam olaraq legitimləşdirdi.

Bu gün Azərbaycan 30 illik işğal dönəmində erməni vandalları tərəfindən tamamilə viran qoyulmuş, talan edilmiş şəhər və kəndlərimizdə məhz öz gücünə geniş bərpa-quruculuq işləri aparır, Böyük Qayıdış proqramını uğurla reallaşdırır. Mayın 27-də Laçın rayonunun Bəylik kəndinə sakinlərin köçürülməsi də Böyük Qayıdışımızın təntənəsidir. Cənab Prezident Müstəqillik Günü ərəfəsində Bəylik kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etməklə onlara əsl bayram sevinci yaşatdı və eyni zamanda, onu da bəyan etdi ki, bundan sonra may ayı xalqımız üçün bayramlar ayı olacaq. Elə bu gün Prezident İlham Əliyevin qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Laçın Beynəlxalq Hava Limanının rəmzi açılış lentini kəsməsi də may ayının bayramlar siyahısını biraz da genişləndirdi. Bütün bunlar sözsüz ki, müstəqilliyimizi daha da möhkəmləndirən addımlardır. Beləliklə, 107 il əvvəl elan olunan Cümhuriyyət indi qüdrətli Azərbaycan Respublikası kimi hər yerdə öz sözünü deyir, öz imzasını qoyur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »