Azərbaycan Prezidenti bütün müsəlman dünyasını islamofobiya ilə mübarizə aparmaq üçün vahid cəbhədən çıxış etməyə dəvət etdi

Azərbaycan qlobal humanitar forumlara, beyin mərkəzlərinin toplantılarına uğurla ev sahibliyi etməyə davam edir. Mayın 26-da Bakıda işə başlayan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfrans da elə bu prosesin davamıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan bu konfransın mövzusu bugünkü dünyamız və xüsusən də müsəlman aləmi üçün olduqca mühüm və aktualdır. İslamofobiya kontekstində qərəzin ifşa olunması və stiqmaların dağıdılması bu gün həqiqətən də hər bir müsəlman ölkəsi üçün aktual məsələdir. Beləliklə, Azərbaycan belə bir nüfuzlu konfransa təşkilatçılıq və ev sahibliyi etməklə indiyəqədərki qlobal təşəbbüslərinin davamı olaraq İslamofobiya problemini də bütün dünya müsəlmanlarının gündəminə gətirmiş olur.

Konfransın açılış mərasimində Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti səsləndirilib. Dövlətimizin başçısı sözügedən müraciətində təəssüflə bildirib ki, islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başlayıb: “Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-islam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir. İslamofobiya müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında stiqmatizasiya, institusional diskriminasiya və digər formalarda təzahür edir. Bu cür ədalətsiz və qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır”.

Azərbaycan Prezidenti, həmçinin müraciətində bu gün özlərini “demokratiyanın beşiyi” kimi göstərən Qərb ölkələrinin İslama və müsəlmanlara münasibətdə “ikili standartlar”dan çıxış etmələrinə də münasibət bildirib və onların islamofobiyanı rəsmi dövlət siyasətinə çevirdiklərini qeyd edib: “Vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilmişdir. Bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır”.

Dövlət başçısı bu gün Qərb cəmiyyətlərində anti-müsəlman əhvali-ruhiyyəsinin aşılanmasından danışarkən, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi təsisatları da haqlı olaraq qərəz və ikili standartlara üstünlük verməkdə ittiham edib: “Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər”.

Prezidentin müraciətində o da vurğulanıb ki, Azərbaycan da islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Belə ki, torpaqlarımızın otuzillik işğalı dövründə
ümumbəşəri əhəmiyyətə malik çoxəsrlik tarixi-mədəni abidələrimiz, o cümlədən İslam dininə aid abidələr, ziyarətgahlar, məscidlər, türbələr, məzarlıqlar erməni vandalları tərəfindən dağıdılıb, təhqir olunub, yerlə-yeksan edilibdir. Bəzi məscidlərimizdə donuz saxlanılıb, İrəvanda və Şuşada salamat saxladıqları məscidləri isə fars-İran məscidi kimi rekonsruksiya etməyə çalışıblar. Bəli, bütün bu vəhşiliklər və vandalizm aktları məhz islamofobiya, azərbaycanfobiya zəminində törədilib.

Eləcə də, soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsinin şüurlu və planlı şəkildə tamamilə məhv edilməsi və ya saxtalaşdırılması, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərinin yox edilməsi siyasətinin aparılması Cənab Prezident tərəfindən beynəlxalq konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Lakin Azərbaycan Ermənistanın apardığı islamofobiya, türkəfobiya, azərbaycanfobiya siyasətinin nəticələri ilə barışmır və bu ölkənin həm Qərbi Azərbaycanda, həm də işğal dövründə Qarabağda apardığı xalqımızın zəngin maddi-mənəvi irsini şüurlu və planlı şəkildə tamamilə məhv etmək siyasətini ifşa etməyə davam edir. Buna paralel olaraq, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan Qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsi də tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addımdır.

Lakin islamofobiyaya, ksenofobiyaya qarşı mübarizə aparmaq təkcə Azərbaycanın əlahiddə işi deyil. Bu prosesə hər bir müsəlman ölkəsi yaxından dəstək verməlidir. Müsəlman ölkələri islamofobiyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirməlidirlər, bütün ixtilafları, fikir ayrılıqlarını bir kənara qoyub vahid mövqedən çıxış etməlidirlər. Prezident İlham Əliyev İslam düşmənçiliyinin (İslamofobiya) bütün müsəlmanlar üçün ciddi təhdidə çevrildiyini aydın şəkildə hiss etdiyinə görə müsəlman ölkələrini həmrəyliyə çağırdı. Ədalətsizliyə və zərərli təmayüllərə qarşı etiraz səsimizi birgə ucaltmağın vacibliyini nəzərə alan Azərbaycan Prezidenti bütün müsəlman dünyasını islamofobiya ilə mübarizə aparmaq üçün vahid cəbhədən çıxış etməyə dəvət etdi: “İslam sülh, həmrəylik və mərhəmət dinidir. Ona qarşı aparılan qarayaxma kampaniyalarına baxmayaraq, İslam yüksək əxlaqi dəyərləri, ədaləti, xeyirxahlığı təcəssüm etdirən və milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan din olaraq qalmağa davam edir. Hazırkı qlobal çağırışlar və böhranlar, İslam dünyasının üzləşdiyi yeni sınaqlar və çətinliklər, habelə islamofobiya meyillərinin artması, dinimizi gözdən salmaq cəhdləri müsəlman ölkələri arasında həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini olduqca labüd edir. Bütün müsəlman dünyasını narahat edən islamofobiya ilə mübarizə aparmaq üçün vahid cəbhədən çıxış etmək, bu ədalətsizliyə və zərərli təmayüllərə etiraz səsimizi birgə ucaltmaq lazımdır”.

Ümid edək ki, İslam dünyasının siyasi liderləri, din xadimləri, alimləri və ictimai fəalları Prezidentimizin bu çağırışına həssaslıqla yanaşacaq, islamofobiya ilə mübarizəyə, İslam dini ilə bağlı qərəzin aşkara çıxarılması və stiqmaların dağıdılması işinə birgə töhfə vermək üçün hərəkətə keçəcəklər, Azərbaycanla həmrəylik nümayiş etdirəcəklər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »