Füzuli rayonunun Horadiz şəhərində baş verən xoşagəlməz hadisə – bir şəhid anasının onun şəhid oğlunun plakatına hörmətsizlik edən şəxsi diz çökdürüb təhqir etməsi hər birimizdə haqlı olaraq dərin təəssüf hissi doğurdu. Belə olmamalıydı. Nə o şəxs Qarabağ şəhidimizin adına, plakatına qarşı hörmətsizlik etməli deyildi, nədəki şəhid anası bu cür yolverilməz cəza üsuluna əl atmalıydı. Bu davranış şəhid valideyni, şəhid anası anlayışına, ümumən insani dəyərlərə heç cürə uyğun gəlmir. Qarşı tərəfin suçunun, günahının dərəcəsindən asılı olmayaraq bir şəhid anasının özünü kriminal avtoritet kimi, qoçu kimi aparması, insanı diz çökdürüb linç etməsi heç bir halda düzgün hərəkət deyil.
Mən özüm də qaziyəm, Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Ancaq qazilik mənsəbimdən indiyə qədər heç vaxt, heç yerdə istifadə etməmişəm və həmçinin, doğmalarıma da izn verməmişəm ki, mənim adımdan hər hansı bir məsələdə istifadə etsinlər. Ancaq əziz şəhidlərimizin isə öz doğmalarına onların adlarını bu şəkildə istismar etmələrini yasaqlamaq imkanları yoxdur, çünki onlar haqq dünyasındadırlar. Şəhidlərin adlarını uca tutmaq və onların adlarına layiq davranmaq ilk növbədə şəhidlərin doğmalarının üzərinə düşür. Şəhid atası, şəhid anası, şəhid övladı, şəhid xanımı bu statusun mahiyyətini və məsuliyyətini dərk etməlidir və ona uyğun davranmalıdır. Heç kim bu addan sui-istifadə etməməlidir, şəhidlik anlayışına xələl gətirəcək hərəkətlərə yol verməməlidir.
Hər hansı bir cahil şəxs və ya marginal fərd şəhid xatirəsinə, şəhidin posterinə və ya lövhəsinə qarşı səviyyəsiz davranışa yol veribsə, hörmətsizlik edibsə, bunun cəzasını vermək şəhidlərin doğmalarının səlahiyyətinə aid deyil. Bunun üçün dövlət var, dövlətin hüquq-mühafizə orqanları var. Əgər günahkarı isti-isti tapıb yaxalamısansa, ona sən özün cəza kəsməməlisən, onu diz çökdürüb, şəxsiyyətini alçaldıb, videokamera ilə lentə aldırmamalısan, o kadrları ictimailəşdirməməlisən, əksinə, sivil vətəndaş anlayışı ilə hərəkət edib o şəxsi aparıb polisə təhvil verməlisən, onu məhkəmə yoluyla cəzalandırmalısan ki, başqalarına da görk olsun.
Ancaq Füzulidəki hadisə isə başqalarına görk olmağa yox, cəmiyyətdə qoluzorluluğun, qoçuluğun təşviqinə xidmət edir. İraq olsun, sabah bu cür hallar artarsa, şəhidlərin adından çirkin məqsədlərlə istifadə etmək istəyənlərin də sayı arta bilər. Və beləliklə, cəmiyyətin şəhid ailələrinə olan sayğı-sevgi dolu ülvi münasibəti də zədələnə bilər, bu cür təhrikçi davranışlar şəhid ailələrinə qarşı etimadı azaldar, cəmiyyətimizdə həmrəyliyi sarsıdar. Ona görə də qazilərimizin və şəhidlərimizin ailə üzvləri, yaxınları bu kimi həssas vəziyyətlərdə çox diqqətli olmalı, maksimum təmkinli davranmalı və öz hərəkətlərinə, hisslərinə çəki-düzən verməlidirlər. Bir sözlə, şəhidlərimizin və qazilərimizin yaxınları, doğmaları bütün cəmiyyət üçün yaxşı mənada örnək olmalıdırlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.