Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalaması günün ən yaxşı, pozitiv xəbərlərindən biri oldu. Bu əfv sərəncamı xeyli sayda məhkumu əhatə edir. Belə ki, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanmış bu əfv sərəncamı 200-dan çox şəxsə şamil olunub. Dövlətimizin başçısının bu qərarı ölkə həyatında çox mühüm hadisədir.
28 May – Müstəqillik Günü ərəfəsində Cənab Prezident tərəfindən belə bir qərarın qəbul edilməsi cəmiyyət tərəfindən də birmənalı olaraq rəğbətlə qarşılandı. Dövlət başçısının əfv sərəncamı imzalaması ilk növbədə ədalət və humanizm prinsiplərinin təntənəsi, mərhəmət göstəricisidir. Bu və ya digər cinayətlərə görə, ciddi qanun pozuntularına görə məhkum edilmiş şəxslərə əfv sərəncamının tətbiq edilməsi onlara yenidən normal həyata dönmək, öz səhvlərindən ciddi nəticə çıxararaq yeni həyata başlamaq şansı verir. Sözsüz ki, əfv olunmuş hər bir keçmiş məhkum da öz növbəsində dövlət başçısının humanist addımını düzgün dəyərləndirməli və əvvəlki səhvlərini bir daha təkrar etmək yolunu tutmamalıdır. Onlar ona görə əfv olunub azadlığa buraxılırlar ki, hər hansı bir şəkildə yenidən məhbəs həyatına geri dönməsinlər.
Prezidentin əfv sərəncamı imzalaması, eyni zamanda, cəmiyyətdə həmrəylik mühitinin gücləndirilməsinə xidmət edir. Bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanması həm xoş bir ənənəyə çevrilir, həm də insanlarımızda milli birlik və həmrəylik hisslərini daha da artırır. Yüzlərlə ailənin, minlərlə vətəndaşımızın bayram günlərində sevindirilməsi dövlət-vətəndaş münasibətlərinin daha sağlam təməllər üzərində inkişaf etməsinə zəmin yaradır. Bu mənada, öz humanist addımları və qərarları ilə dövlətimizin hər bir vətəndaşın yanında olduğunu təsdiq edən Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı cəmiyyətimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Biz dövlət başçısının bu addımını alqışlayır, əfv olunan şəxsləri isə təbrik edirik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.