Dövlətimizin başçısı real, əməli addımlarıyla TDT-nin inkişafı üçün səylərini əsirgəmir

Bu il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verdiyini bildirərək, Türk Dövlətləri Təşkilatı (TDT) haqqında da danışmış və “istərdik ki, bu təşkilat daha güclü olsun və nəticələrə köklənsin”, deyə TDT-nin gələcəyi ilə bağlı arzusunu ifadə etmişdi. Bunun üçün Azərbaycanın hər zaman əlindən gələni etdiyini qeyd edən dövlətimizin başçısı bu gün də real, əməli addımlarıyla TDT-nin inkişafı üçün səylərini əsirgəmir. Belə ki, mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən qayıdan Prezident İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.

TDT üzvü olan türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdə çıxışı zamanı Prezident İlham Əliyev türk dövlətlərinin ortaq maraqları, ölkələrimizə xaricdən müdaxilə cəhdləri, qlobal təhdidlər və çağırışlar, TDT-nin gücləndirilməsi və gələcəkdə bu təşkilatın daha böyük zirvələrə qalxma imkanlarının mövcudluğu barədə önəmli fikirlər səsləndirib. Dövlətimizin başçısı çox önəmli bir məqama toxunaraq bu gün türk dövlətlərinin hər birində daxili sabitliyin hökm sürdüyünü bildirib, lakin eyni zamanda qeyd edib ki, Türk dünyasının birliyini pozmağa çalışan xarici qüvvələr də mövcuddur: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə daxildə sabitlik olsa da, təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq. Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır”.

Prezident İlham Əliyev, həmçinin TDT daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyəti ilə söhbət əsnasında təşkilata üzv ölkələrdə daxili sabitliyin hökm sürməsi fonunda ölkələrimizdə müsbət iqtisadi inkişaf dinamikasının müşahidə olunduğunu vurğulayıb və qeyd edib ki, ki, gələcək illərdə TDT daha böyük zirvələrə qalxa bilər: “Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq”.

Beləliklə, Azərbaycanın da sıx dəstəyi ilə Türk Dövlətləri Təşkilatının yaxın gələcəkdə özünü real güc mərkəzi kimi təsdiqləməsi, qlobal aktorlardan birinə çevrilməsi labüddür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində olduqca önəmli addımlar atır. Türk Dövlətləri Təşkilatının güclənməsində daxili sabitlik faktoru da mühüm əhəmiyyət kəsb edir. Bu mənada, TDT-a üzv ölkələrin daxili işlər orqanlarının rəhbərlərinin Bakıda bir araya gəlməsi önəmli hadisədir. Türk dövlətləri daxili sabitliyin qorunmasında və xarici risklərin neytrallaşdırılmasında bir-birilərinə dəstək verməlidirlər.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »