Dünyada geosiyasi təlatümlərin hökm sürdüyü bir dövrdə Azərbaycan çevik xarici siyasətini uğurla davam etdirir. Azərbaycan və Macarıstanın dostluq və tərəfdaşlıq münasibətləri buna əyani misaldır. Beynəlxalq hüququn norma və prinsiplərinin tez-tez pozulduğu hazırkı kritik mərhələdə bu iki dövlət əsl dostluq və müttəfiqlik mövqeyi nümayiş etdirməyə davam edirlər. Hər iki ölkənin liderləri Bakı və Budapeştə vaxtaşırı qarşılıqlı səfərlər edir, dost və qardaş xalqlarımızın mənafeyini əsas götürən birgə razılaşdırılmış siyasət yürüdürlər. Bu gün tam əminliklə deyə bilərik ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Bunu Macarıstana səfər edən Azərbaycan Prezidenti İlham Əliyev də Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında xüsusi olaraq vurğuladı.
Macarıstana tez-tez gəldiyini deyən və Viktor Orbanın da Azərbaycana tez-tez səfər etdiyini qeyd edən dövlətimizin başçısı iki ölkə arasındakı təmasların müntəzəm xarakter daşıdığını və dünyada gedən proseslərin tez-tez dəyişməsinə baxmayaraq Azərbaycan və Macarıstanın mövqelərində elə böyük fərqin olmadığını bildirdi: “Siz də Azərbaycana tez-tez gəlirsiniz. Son səfəriniz keçən ilin noyabr ayında olmuşdu. Bu onu göstərir ki, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır. Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik. Bu gün məhdud tərkibdə keçirilən görüşdə də gördük ki, bir çox məsələlər üzrə mövqelərimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda yenə də mövqelərimizdə elə böyük fərq yoxdur”.
Prezident Əliyevi paytaxt Budapeştdə səmimiyyətlə salamlayan Macarıstanın Baş naziri Viktor Orban da mətbuata bəyanatında Azərbaycanın dar günün dostu olduğunu xüsusi olaraq vurğuladı və dövlətimizin başçısını Macarıstanın köhnə dostu kimi dəyərləndirdi: “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”.
Hər iki liderin bu cür səmimi dostluq mesajları iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Hazırda iki ölkə arasında mövcud olan strateji münasibətlərin daha da möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni investisiya imkanlarının müəyyənləşdirilməsi Bakı və Budapeşt üçün əsas prioritet istiqamətlər hesab olunur. Eyni zamanda, Azərbaycan qazının Macarıstana və Avropaya ixracının artırılması, Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi kimi məsələlər də gündəmdədir. Bildiyimiz kimi keçən il Macarıstana Azərbaycan qazı tədarük olunmağa başlayıb. Eyni zamanda, macar şirkətləri Azərbaycan neft-qaz sektorunda çalışır. Macarıstan Azərbaycanın tranzit potensialından faydalanır. Ticarət tərəfdaşlığı ilə yanaşı, təhsil, mədəniyyət və turizm sahəsində də əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Macarıstanda təhsil alan azərbaycanlı gənclərin sayı ildən-ilə artır. Bütün bunlar Macarıstanla Azərbaycanın münasibətlərinin strateji xarakter daşıdığını təsdiqləyən göstəricilərdir.
Müstəqil xarici siyasət yeritməyə üstünlük verən Macarıstan Azərbaycan-Ermənistan sülh prosesində daim rəsmi Bakının mövqeyini birmənalı dəstəkləyir. Həmçinin, Azərbaycan da öz növbəsində Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu mənada, macar lider Viktor Orbanın bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Budapeştdə keçirilən qeyri-rəsmi iclasında çıxışı zamanı Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür etməsi heç də təsadüfi deyil. Belə ki, liberal qlobalistlərin dünyada hökmranlıq etdiyi dönəmdə Qərbin Rusiya qazını Avropaya ixrac edən “Türk axını”nın çəkilməsinin qarşısını almaq üçün hər şeyi etdiyini bildirən Macarıstanın Baş naziri, bu kəmərin çəkilməsi üçün Türkiyənin iradə ortaya qoyduğunu, Azərbaycanın isə Macarıstana qazı tədarük etdiyini vurğulayaraq bu dəstəklərinə görə Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə öz təşəkkürlərini çatdırdı: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin çəkilməsi üçün iradə ortaya qoyub. Bu kəmərlə Macarıstana qaz ötürülür. Mən Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür edirəm, keçən il Macarıstana Azərbaycan qazı tədarük olunmağa başlayıb”.
Beləliklə, bu gün türk dövlətləri etibarlı dost və tərəfdaş hesab etdikləri Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Bu faktı Viktor Orban da İlham Əliyevlə birgə mətbuata bəyanatı zamanı xüsusilə vurğuladı və bildirdi ki, “türkdilli dövlətlərin dəstəyi olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardı… Beləliklə etibarlı tərəfdaşın dəyəri məhz bu cür ölçülür. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir”.
Bu gün Azərbaycan və Macarıstan arasındakı möhkəm dostluq və tərəfdaşlıq münasibətləri digər ölkələr üçün də örnək hesab oluna bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Bir çox istiqamətlər üzrə biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Azərbaycan Macarıstanın uğurlarına ən çox dəstək verən ölkələrdən biridir. İlham Əliyevin Macarıstana səfəri ikitərəfli əlaqələrin gələcək inkişafına müsbət təsir göstərəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.