Səfəvi-Osmanlı ixtilafını siyasətə daşımaq olmaz

Tarix minalanmış sahələr kimi olduqca təhlükəli elm sahəsidir. Odur ki, tarixə barmaqarası yanaşmaq və harda gəldi tarixi mövzularda yerli-yersiz açıqlamalar vermək, ajiotaj və çaşqınlıq doğuran, ikitirəlik və və qarşıdurdurmaya səbəb olan məsuliyyətsiz fikirlər səsləndirmək olmaz. Bu kontekstdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da PKK probleminin çözümü və türk-kürd həmrəyliyinə nail olmaq amacıyla “Çaldıran türklərin, kürdlərin və ərəblərin ortaq zəfəridir” kimi qalmaqallı ifadəni dilə gətirməklə böyük səhvə yol verdi. Buna əsla qələbə demək olmaz. Əksinə, Çaldıran döyüşü türk dünyasının faciəsidir. Və bu gün hörmətli Ərdoğanın bu fikri siyasətin gündəminə gətirməkdə məqsədi, amacı nə olursa-olsun, bu fikir Türk dünyasının bu günü və gələcəyi üçün olduqca zərərlidir.

Ərdoğan bu cür ehtiyatsız ifadəsi ilə, necə deyərlər, qaşınmayan yerdən qan çıxartdı. Biriləri (o cümlədən Türk birliyinin ənənəvi əleyhdarları olan İran və Rusiya) bu söhbətlərdən Türk birliyinə zərbə vurmaq məqsədi üçün növbəti fürsəti əldə etdilər. Çaldıran döyüşü kontekstində məzhəb ayrı-seçkiliyinin gündəmə gətirilməsi birliyimizə, gələcəyimizə zərbədir. Odur ki, bizi məzhəb ayrıseçkiliyi ilə vurmaq istəyən qüvvələr bu fürsətdən maksimum yararlanmağa çalışacaqlar. Məzhəbçi zehniyyətə malik dar düşüncəli şəxslərin ortaya düşüb Osmanlı-Səfəvi qarşıdurması fonunda sünni-şiə düşmənçiliyinin qızışdırılmasına rəvac yerən rəylər yazması bunun əyani sübutudur.

Əslində, burada əsas məqsəd ilk növbədə Azərbaycan-Türkiyə birliyinə zərbə vurmaq və Türk dünyasının inteqrasiyasını sarsıtmaqdır. Türk dünyasının gələcəyinə və Türk Dövlətləri Təşkilatının (TDT) perspektivlərinə məzhəbi yöndən yanaşmaq olmaz. Bu, Türk birliyinə qarşı ən böyük düşmənçilik vasitəsidir. Türkiyə və Azərbaycanın dünyada mövqelərinin sürətlə gücləndiyi və TDT-nın yeni qlobal güc mərkəzlərindən birinə çevrilməsi imkanlarının artdığı bir məqamda məzhəbçi yanaşmanın ortaya atılması tamamilə yersiz və zərərli addımdır. Ərdoğan bir problemi çözmək xatirinə səsləndirdiyi qalmaqallı fikirlə başqa və həm də daha təhlükəli bir problemin yenidən baş qaldırmasına rəvac verdi.

Fərq etməz, bu, düşünülmüş bir addımıydımı, yoxsa Ərdoğanın tarix bilgisinin yetərsizliyinin nəticəsidirmi, bütün hallarda Çaldıran döyüşünü zəfər adlandırmaq və siyasət xatirinə tariximizi başqalarına pay etmək həqiqətən də çox böyük bir yanlışlıqdır. Bəli, bu, bizim tariximizdir. Birilərinin Şah İsmayıl Xətaini və Qızılbaşlar dövlətini (Səfəvi imperiyası) ciddi-cəhdlə, cürbəcür uydurma arqumentlərlə İrana, farslara, şüubiyyəçilik cərəyanına, Xamenei kimi din istismarçısına bağlamaq cəhdləri də tamamilə mənasızdır. Bu gün İran adlanan coğrafiyanın Səlcuqlardan Qacarlara qədər son 1000 il ərzində türk (Azərbaycan) sülalə dövlətləri tərəfindən idarə edildiyini hər kəs yaxşı bilir. Şah İsmayıl Xətainin qurucusu olduğu Qızılbaş (Səfəvi) dövləti də həmin o minillik dönəmin ən parlaq səhifələrindən birini təşkil edir. Biz bu gün öz tariximizə sahib çıxmaq əvəzinə, onu öz əlimizlə fars-molla rejiminə, panfarsçılara, İran şiəçiliyinə hədiyyə etməməliyik.

Səfəvilər dönəmi Azərbaycan tarixinin parlaq səhifələrindən biri olmaqla yanaşı, həmçinin ümumtürk tarixinin də əhəmiyyətli bir parçasıdır. Başqa sözlə desək, Səfəvi də, Osmanlı da bizimdir, ortaq türk tarixinin qoşa səhifələridir. Bu mənada heç birini çıxdaş etməməliyik. Və bu mövzuya müraciət edərkən hər ikisinin də qüsurlarını, səhvlərini deməliyik, lakin bu zaman əsla məzhəb təəssübkeşliyi etməməliyik və nə Səfəviləri, nədəki Osmanlını bugünkü siyasi maraqlara, siyasi konyuktura alət etməməliyik. Tarixi tarixçilərimizin öhdəsinə buraxmalıyıq. Səfəvi-Osmanlı ixtilafını siyasətə daşımaq olmaz. Biz bu gün birlik-bərabərlik şüuruna köklənməliyik, ortaq nöqtələrimizi önə çəkməliyik, həmrəyliyimizi gücləndirməliyik. Və unutmamalıyıq ki, tarixi, siyasi mövzulara din və məzhəb yönündən yanaşmağımız bütün Türk dünyasının çöküşünə səbəb ola bilər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »