Bu gün birləşmiş Avropanın ürəyi Tiranada – Albaniyanın paytaxtında döyünür desək, heç də səhv etmərik. Belə ki, Tirana bu gün “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına ev sahibliyi edir. Açılış mərasimində sözsüz ki, Prezident İlham Əliyev də iştirak edir. Azərbaycan Prezidentinin bu səfərini sözün bütün mənalarında triumfal səfər hesab etmək olar. Çünki dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına bütün istiqamətlərdə – həm sahədə, həm masada, həm də geosiyasətdə həlledici üstünlük qazanmış ölkənin qalib lideri kimi qatılıb.
Səfər zamanı kuluarlarda və toplantı zalında yaşanan olduqca maraqlı anları da yəqin ki, hamınız izlədiniz. Prezident İlham Əliyevin Avropa Ittifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü zamanı hər iki Aİ lideri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirdi. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu xüsusilə vurğulandı.
Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyev və Nikol Paşinyanla söhbət edərkən, Ermənistanın uğurlu gələcəyinin yalnız Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaqdan asılı olduğu həqiqətini bir daha Ermənistan baş nazirinin diqqətinə çatdırdı. O, həm də əsl ağsaqqal ədasıyla və təcrübəli siyasət qrossmeyestri kimi Paşinyanı başa saldı ki, bundan sonra kənar yerlərdə havadar axtarmasın.
Eyni ovqatı Fransanın Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də müşahidə etdik. Belə ki, İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edərkən, Emmanuel Makron İlham Əliyevə yaxınlaşaraq onunla isti görüşdü və həmçinin, əliylə kənarda dayanmış Paşinyanı göstərərək səmimi söhbət etdi. Makron sanki bu hərəkəti ilə demək istəyirdi ki, indi Ermənistanın taleyi artıq Parisdən yox, Bakıdan asılıdır. Bu, həm də Fransanın Cənubi Qafqaz siyasətinin iflasa uğramasını təsdiqləyən anlar idi.
Əliyevin Paşinyanla ikili söhbəti də əsl qalib lider performansına uğun görüntülərlə müşayiət olundu. Bəli, bu görüş əsnasında Azərbaycan Prezidentinin davranışında, oturuşunda, danışığında xalqına və özünə böyük güvən diqqəti cəlb edirdi. Bu fikrimi yəqin ki, bədən dili mütəxəssisləri də təsdiqləyərlər. Qlobal xaosun hökm sürdüyü, yeni dünya düzəninin formalaşmasının təlatümlü proseslərlə müşayiət olunduğu hazırkı kritik məqamda Azərbaycan Prezidenti maksimum dəqiqliklə hesablanmış optimal xarici siyasət yürütməklə ölkəmizin geosiyasi mövqelərini daha da gücləndir və Azərbaycanın Qərblə Şərq, Qlobal Cənubla Qlobal Şimal arasında etmad körpülərinin qurulmasında, tərəfdaşlığın gücləndirilməsində, regional təhlükəsizliyin qorunmasında rolunu getdikcə artırır. Bütün bunlar da öz növbəsində İlham Əliyevə özünü daha əmin-arxayın, güclü və özgüvənli hiss etməsinə imkan verir. Beləliklə, qürurla deyə bilərik ki, İlham Əliyev Praqa sammitindən sonra Tirana sammitini də Azərbaycanın növbəti uğur faktına çevirməyi bacardı.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.