“Tramp və Putin İstanbul sülh danışıqlarına qatılmayacaq” – ziddiyyətli bəyanatlar informasiya məkanını qarışdırıb
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Türkiyədə keçirilməsi planlaşdırılan sülh danışıqlarına qatılmaqdan imtina ediblər.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu CNBC telekanalı məlumat yayıb.
Məlumata görə, hər iki lider İstanbulda keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşdə iştirak etməyəcəklər. Kreml və Ağ Ev tərəfindən qərarın səbəbləri açıqlanmasa da, müşahidəçilər bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin proseslərdəki təsir imkanlarının zəifləməsi kimi dəyərləndirirlər.
Belə bir gedişat eyni zamanda Türkiyənin vasitəçilik rolu ilə bağlı sualları da gündəmə gətirib.
Bununla yanaşı, informasiya məkanını qarışdıran əsas məqam ABŞ Prezidenti Donald Trampın bu proseslə bağlı bir-birini təkzib edən və ciddi narahatlığa səbəb olan açıqlamalarıdır.
Belə ki, Tramp əvvəlcə İstanbul görüşündə iştirak edəcəyini bəyan edib. Ardınca verdiyi başqa bir açıqlamada görüşə qatılmayacağını bildirib. Daha sonra isə yenidən çıxış edərək cümə günü İstanbula gələ biləcəyini deyib. Bu ziddiyyətli çıxışlar həm media qurumlarını, həm siyasi kuluarları, həm də ictimaiyyəti çaşqınlıq içində qoyub. Trampın bu qeyri-müəyyən mövqeyindən sonra siyasi dairələrdə “Bəs Putin də fikrini dəyişə bilərmi?” sualı yayılıb. Məsələyə dair yekdil və dəqiq mövqenin olmaması fonunda informasiya məkanında bir-birini ardınca yayılan, lakin bir-birini təkzib edən çoxsaylı xəbərlər tirajlanır. Bu qeyri-müəyyənlik isə həm Türkiyənin diplomatik təşəbbüslərinin nəticəsi baxımından, həm də ümumilikdə ABŞ-Rusiya-Ukrayna üçbucağında yeni mərhələnin formalaşması baxımından böyük suallar doğurur.
Comments are closed.