Putin eyni gecə İstanbula təyyarə, Ukraynaya 110 dron göndərdi – Bombalar və danışıqlar paralel gedir
Rusiya prezidenti Vladimir Putin eyni anda həm diplomatik, həm də hərbi cəbhədə “aktivlik” nümayiş etdirib.
Putin administrasiyası bir tərəfdən İstanbulda Ukrayna ilə danışıqlara nümayəndə heyəti göndərdiyi gecə, digər tərəfdən Ukraynanın üzərinə irimiqyaslı hava hücumu həyata keçirib.
Ukrayna Silahlı Qüvvələrinin verdiyi rəsmi məlumata görə, 15 may gecəsi Rusiya tərəfindən Ukraynaya qarşı 110 ədəd kamikadze tipli dron (İran istehsalı “Şahed”) göndərilib. Bu, son ayların ən genişmiqyaslı hücumlarından biri kimi qiymətləndirilir.
Ukrayna hava hücumundan müdafiə sistemləri bu dronlardan 62-sini vuraraq məhv edib, daha 29-u isə radarlardan itərək təsirsiz hala düşüb. Rəsmi mənbələrə əsasən, bu hücum nəticəsində Sumı, Dnepropetrovsk, Poltava, Kiyev və İvano-Frankovsk vilayətlərində infrastruktur zərər görüb. Hazırda itkilər və dağıntılarla bağlı araşdırmalar davam edir.
Bu hadisə İstanbulda keçirilən Ukrayna-Rusiya danışıqları fonunda baş verib. Rusiya nümayəndə heyətinin danışıqlarda iştirakı rəsmi olaraq təsdiqlənib, eyni zamanda Prezident Zelenskinin də danışıqlara qatılmaq üçün İstanbulda olacağı gözlənilir. Müşahidəçilər bu vəziyyəti “Putin sülh masasında əyləşsə də, arxa cəbhədə barıt qoxusunu saxlamaqdan imtina etmir” kimi dəyərləndirirlər.
Siyasi təhlilçilər Putinin bu paralel strategiyasını “ikili oyun” adlandırır və qeyd edirlər ki, Rusiya rəhbərliyi həm hərbi təzyiqlərlə danışıqlar masasında üstünlük qazanmağa, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
İstanbul danışıqlarının nəticəsinin necə olacağı hələlik məlum deyil. Amma adına “sülh danışıqları” deyilən təmasın başlanmasına saatlar qala bombaların partlaması yaxşı əlamət deyil.
Dronların və diplomatik salamların bir arada təqdim olunması göstərir ki, Kreml hələ də “sülhə məcbur etmə” modelindən əl çəkməyib….\\\MUSAVAT\\
Comments are closed.