Milli dövlətçilik ideologiyamız olan Azərbaycançılıq məfkurəsinin ətrafında sıx birləşməliyik

“Bəlkə də qaytardılar” düşüncəsilə yaşayan İmişlidəki “ağsaqqal”ın 9 may Qələbə gününə həsr olunmuş anım tədbirindəki kobud səhvi, əslində, hər birimizi düşündürəcək hadisədir. Dövlət müstəqilliyimizi 34 ildir bərpa etməyimizə baxmayaraq bu gün aramızda hələ də belə “sovet heyranları”, keçmiş SSRİ-nin xiffətini çəkənlər, qırmızı imperiyanın nostaljisi ilə yaşayanlar varsa, bəli, bu hamımızı dərindən düşündürməlidir. Demək ki, bu adamlar müstəqilliyin nə demək olduğunu, özgə atributlarına deyil, öz dəyərlərimizə sahib çıxmağın vacibliyini hələ də doğru-düzgün dərk etməyiblər.

Bu gün biriləri keçmiş SSRİ-nin bayrağı ilə, digərləri İran bayrağı ilə və yaxud da ki, ABŞ-ın və Avropa İttifaqının bayraqları ilə ortaya düşüb “biz də varıq” deməklə, “beşinci kolon”un üzvləri olduqlarını təsdiqləyirlər. Bu da o deməkdir ki, Azərbaycanın düşmənləri və onların buradakı nökərləri, muzdlu xidmətçiləri yatmayıblar, onlar marıqdadırlar və hər an müstəqil dövlətçiliyimizə zərbə vurmağa hazırdırlar. Odur ki, xalq olaraq, cəmiyyət olaraq hər zaman ayıq-sayıq olmalıyıq. Onların öz xain planlarını həyata keçirmələrinə əsla imkan verməməliyik.

Azərbaycanın istiqlaliyyətinin bərpası asan başa gəlməyib. Biz bu yolda çoxlu qurbanlar vermişik. 20 Yanvarda imperiya tərəfindən qanımız axıdılıb. Yenə imperiyanın təhriki və dəstəyilə ermənilər tərəfindən Xocalı soyqırımı törədilib, ərazi bütövlüyümüzə qəsd olunub. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək üçün 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında minlərlə şəhid vermişik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edib, üçrəngli bayrağımızı Şuşada, Xankəndidə ucaldıb. Odur ki, həm müstəqilliyimizin, həm də ərazi bütövlüyümüzün qədrini-qiymətini bilməliyik, dövlətçiliyimizi hər şeydən uca tutmalıyıq, hər yerdə və və hər zaman Azərbaycanın təəssübünü çəkməliyik. İnsanlarımız tarixin küllüyünə qovuşmuş SSRİ-nin bayrağını yox, öz bayrağımızı ucaltmaqla qürur duymalıdır. Milli dövlətçilik ideologiyamız olan Azərbaycançılıq məfkurəsinin ətrafında sıx birləşməliyik.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »