Güclü Türkiyə və güclü Azərbaycan birlikdə daha böyük hədəflərə nail ola bilərlər

PKK terror təşkilatının özünü buraxdığını elan etməsi, sözsüz ki, tarixi əhəmiyyətli hadisədir. Terrorçular silahları yerə qoyacaqlarını bəyan ediblər. Bu qərar olduqca önəmli qərardır. Bu addımın atılmasıyla “Terrorsuz Türkiyə” yolunda kritik mərhələnin artıq geridə qaldığını hesab etmək mümkündür. “Terrorsuz Türkiyə” yolunda ən böyük maneə aşılmış, aradan qaldırılmış oldu. Türkiyə bu gün ölkə gündəmindən terror problemi məsələsini tamamilə çıxarmaq hədəfinə doğru qətiyyətlə irəliləyir. Qərarın icrasından sonra, yəni ki, terrorçu təşkilat fiziki olaraq tamamilə aradan qaldırıldıqdan sonra yeni bir səhifənin açılacağı şəksizdir. Bəli, müasir Türkiyənin ictimai-siyasi həyatında yeni bir səhifə açılacaq. Beləliklə, Türkiyəni zəiflətmək, parçalamaq istəyən imperialist güclərin və dövlətlərin xain planlarına da ölümcül zərbə vurulacaq. Qalib gələn isə heç şübhəsiz ki, bütövlükdə Türkiyə və türk xalqı olacaq.

PKK-nın buraxılması haqqında qərar terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında qəbul edilib. Qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək, silahlı mübarizəni dayandırmaq və bununla da təşkilatın fəaliyyətinə son qoymaq barədə bəyanat qəbul edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu addımı PKK-nın 40 ildən artıq davam edən silahlı fəaliyyətlərinin sonu kimi qiymətləndirməkdə haqlıdır. Ərdoğan bu hadisənin baş verəcəyinə inanırdı. Təbii ki, qanlı terror təşkilatının buraxılması Türkiyə dövləti üçün də, AKP iqtidarı üçün də mühüm uğurdur. Türkiyə Ordusunun son illərdə PKK örgütünə vurduğu davamlı zərbələrin bu gün belə bir nəticə ilə yekunlaşması məntiqi qanunauyğunluqdur. Bu örgütə rəhbərlik və havadarlıq edənlər anladılar ki, Türkiyə dövlətinə silahlı saldırılarla, terror fəaliyyətləri ilə qalib gəlmək əsla mümkün deyil. Odur ki, PKK özünün hərbi qanadını ləğv etdi. Onlar bundan sonra siyasi və hüquqi müstəvidə fəaliyyət göstərəcəklərinə qərar veriblər. Əlbəttə, bunun da gələcəkdə Türkiyə dövləti üçün müəyyən təhlükəli cəhətləri ola bilər. Ona görə də Türkiyə dövləti daim güclü olmalıdır ki, gələcəkdə hər hansı bölücülük, separatçılıq təhdidləri ilə üzləşməsin və PKK da yenidən xortlamasın, baş qaldırmasın.

Bugünkü gün üçün isə ən böyük uğur və nəticə odur ki, daha bundan sonra günahsız türk vətəndaşlarının qanı axıdılmayacaq, türk əsgərləri və polisləri şəhid olmayacaqlar. Bundan sonra dinc vətəndaşlar Türkiyənin hər yerində terror qorxusu olmadan yaşaya və hərəkət edə biləcəklər. Eyni zamanda, ABŞ, İsrail və Fransadan tutmuş Rusiya, İran və İsveçə qədər, ən müxtəlif ölkələrin PKK üzərindən Türkiyəyə qarşı təhdid və təzyiqlərinin önü kəsilmiş olacaq. Onlar PKK vasitəsilə Türkiyənin xarici siyasətinə, geosiyasi hədəflərinə təsir etmək rıçağını itirmiş oldular. Daha bir önəmli məqam isə ondan ibarətdir ki, Türkiyə dövləti hər il terrorla mübarizə üçün ayrılan külli miqdarda maliyyə vəsaitini bundan sonra ölkə iqtisadiyyatının inkişafına yatırmaq imkanı qazanır.

Milli birlik və həmrəylik baxımından da bu hadisənin əhəmiyyəti olduqca böyükdür. PKK-nın bölücülük fəaliyyəti Türkiyədə milli birliyə nail olunmasına ciddi şəkildə əngəllər yaradırdı. Ərdoğanın ifadəsi ilə desək, xarici güclər PKK üzərindən Türkiyədə daim milli-etnik zəmində ədavəti körükləyir, kürd-türk düşmənçiliyini süni şəkildə qızışdırırdı. Lakin bundan sonra bu kimi fəaliyyətlər də bir xeyli dərəcədə səngiyəcək. İndi Türkiyədə tam şəkildə milli birlik və bərabərliyi təmin etmək üçün əlverişli zəmin yaranır. Həmçinin, beynəlxalq məsələlərdə Türkiyə dövlətinin əlinin güclənməsini müşahidə edəcəyik.

Bütün bunlar Türkiyənin bölgədə və dünyada rolunun daha da artmasına təkan verəcək. Terrorsuz Türkiyə Azərbaycanın maraqlarına da uyğundur. Biz qardaş ölkədə daim sabitliyin hökm sürməsini istəyirik. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin PKK terror təşkilatının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda sözügedən qərarın icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar diləməsi heç də təsadüfi deyil. “Terrorsuz Türkiyə” hədəfinə çatmaq Türkiyə dövlətini daha da gücləndirəcək. Güclü Türkiyə və güclü Azərbaycan isə birlikdə daha böyük hədəflərə nail ola bilərlər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »