Çin aram-aram Qazaxıstanı “içinə çəkir”

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və Çin prezidenti Si Cinpin Moskvada nasizm üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı görüşüblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkə liderləri arasında görüş qısa, lakin mənalı olub və Çin liderinin 17-18 iyun 2025-ci il tarixlərində Astanaya gözlənilən dövlət səfəri üçün mühüm müqəddimə rolunu oynayıb.

Bildirilir ki, Çin lideri həmçinin Pekinin regionda mövqeyini daha da gücləndirmək məqsədi daşıyan Mərkəzi Asiya-Çin dövlət başçılarının sammitində iştirak edəcək.

Qeyd edək ki, Si Cinpinin Qazaxıstana səfərləri müntəzəm xarakter alır. Onun Astanaya əvvəlki səfəri 2 iyun 2024-cü ildə baş tutub. Məhz o zaman Çin lideri ikitərəfli münasibətləri “hərtərəfli strateji tərəfdaşlıqdan” “əbədi hərtərəfli strateji tərəfdaşlığa” çevrilmiş kimi təsvir edib.

Maraqlıdır ki, qazaxıstanlı ekspertlər əməkdaşlığın Qazax xanlığı dövründən uzanan dərin tarixi köklərini vurğulasalar da, Si Cinpin əsas diqqəti 2013-cü ildə irəli sürülən Çinin “Bir kəmər və yol” təşəbbüsü olan müasir əlaqələrə yönəldir. Ötən müddət ərzində ölkələr həqiqətən də böyük yol keçiblər.

Vaxtilə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin dövründə Çinin 55 müəssisəsinin Qazaxıstana verilməsi ilə bağlı imzaladığı saziş respublikada uzunmüddətli etirazlara səbəb olmuşdu. İctimaiyyət Çinin ekspansiyasını dayandırmaq tələbi irəli sürmüşdü Hesab olunurdu ki, Çin Qazaxıstana zərərli sənaye sahələri verir. Yalnız prezident Tokayev bu proqramı tənzimləyə və Çinlə münasibətləri yeni səviyyəyə qaldıra bildi.

İndi Çin və Qazaxıstan qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq yolundadır. Bu, Rusiyada müəyyən qıcıq doğurur. Çünki Kremldə hesab edirlər ki, Çin aram-aram Orta Asiya regionunu “götürür”.

Comments are closed.

Tərcümə »