Azərbaycanın neft hasilatı yarım milyon ton azalıb

2025-ci ilin yanvar-aprel aylarına Azərbaycanda 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

İctimai Rəy Energetika Nazirliyinə istinadən xəbər verir ki, hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

Bu dövr ərzində 7,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Xatırladaq ki, 2024-cü ilin yanvar – aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.

Ötən ilin 4 ayında xaricə 7,9 milyon ton neft (kondensatla birlikdə) satılıb. Bunun 6,9 milyon tonu konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Beləliklə, aydın olur ki, bu ilin dörd ayında Azərbaycanda neft hasilatı 500 min ton azalıb. Azalmanın 200 min tonu AÇG, 100 min tonu “Şahdəniz”, 200 min tonu isə SOCAR üzrə qeydə alınıb.

İxracda qeydə alınan 100 min tonun hamısı konsorsiumların hesabınadır.

Comments are closed.

Tərcümə »