Qəzza zolağında yardım paylama mərkəzləri və bazarlarda ərzaq ehtiyatları tükənib.
Musavat.com xəbər verir ki, məlumatı Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) hesabatına istinadən yayıb.
Təşkilatın məlumatına görə, Qəzzada ərzaq vəziyyəti hazırda “19 ayın ən pisidir” və əsas ərzaq ehtiyatları “həm bazarlarda, həm də yardım paylama mərkəzlərində tükənir”: “Fələstin əhalisi çox kəskin aclıq riski ilə üz-üzədir. 1 milyondan çox qaçqın və köçkün hətta minimum gündəlik ərzaq ehtiyaclarını belə ödəyə bilmir”.
Təşkilat həmçinin öz ehtiyatlarının “tamamilə tükəndiyini” deyir və qeyd edir ki, PRCS işçiləri indi qaçqınları ən azı az miqdarda qida ilə təmin etmək üçün icma mətbəxlərinə yalnız “çox məhdud miqdarda paxlalılar” paylaya bilirlər.
Bundan əvvəl Qızıl Aypara da Fələstin anklavında heç bir əsas ehtiyac və şəxsi gigiyena vasitələrinin olmadığını bildirmişdi. Bildirilib ki, bölgədə müvəqqəti sığınacaqların, brezentlərin və yorğanların tikintisi üçün material tükənib. Xəstəxanalarda elektrik generatorları üçün yanacaq, tibbi ləvazimat, dərman və ya uşaq qidası yoxdur.
Comments are closed.