Sumqayıt artıq təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən birinə çevrilir

Prezident İlham Əliyevin aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanışlıqdan sonra, “Kartaş Kimya” MMC-nin tikinti kimyəviləri və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışlarını etməsi Azərbaycanın sənaye şəhəri kimi tanınan Sumqayıtın inkişafında yeni mərhələnin başlanğıcıdır. Regionun aparıcı sənaye mərkəzi kimi Sumqayıtın inkişafı dövlət başçısının daim diqqət mərkəzindədir. İlham Əliyevin Sumqayıta hər səfəri yeni iqtisadi obyektlərin, infrastruktur layihələrinin təməlqoyma mərasimləri ilə, açılışları ilə yadda qalır.

Prezidentin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı hazırda ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkı sayılır. Ümumən isə Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye Parkı onların arasında liderlik mövqeyi qazanıb. Ərazisi 613 hektar olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Bu nəhəng sənaye parkında 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Ötən gün iki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatdı. “Kartaş Kimya” MMC də Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biridir. Bu MMC-yə 2022-ci ilin iyulunda rezident statusu verilib. Zavodda hazırda 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur. Məhsul istehsalında istifadə edilən əsas xammal ölkədaxili resurslar hesabına təmin olunur. Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisənin məhsullarının Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya, Gürcüstan və digər ölkələrə ixracı nəzərdə tutulur.

“Az-Tex-İmport” MMC də 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu müəssisənin təməli dövlətimizin başçısı tərəfindən qoyulub. Müəssisə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Bu zavodda istehsal ediləcək maşınların və digər avadanlıqların daxili bazarda satılması ilə yanaşı, xarici bazara çıxarılması da nəzərdə tutulur.

Göründüyü kimi Sumqayıt Kimya Sənaye Parkında bir sıra yeni müəssisələrin fəaliyyətə başlaması ümumən ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək və eyni zamanda, məşğulluğun artırılmasına mühüm töhfə verəcək. Beləliklə, Sumqayıt artıq təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən birinə çevrilir. Azərbaycanın iqtisadi həyatı üçün strateji əhəmiyyətə malik olan Sumqayıt şəhəri öz geniş sənaye potensialı və məhsulları ilə dünya bazarında da uğurlu mövqelər qazana biləcək. Sumqayıtdakı müasir tipli sənaye müəssisələri ölkəmizdə prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalının genişləndirilməsinə şərait yaradır. Bütün bunlar Prezidentin uğurlu iqtisadi siyasətinin nəticəsidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »