“Real”ın 6 müdafiəçisi sıradan çıxdı: “El-Klassiko”da 20 yaşlı futbolçu oynayacaq

Madrid “Real”ının müdafiə xətti tamamilə çöküb.

Komandanın 6 müdafiəçisi zədədən əziyyət çəkir.

Belə ki, Dani Karvaxal, Eder Militao və Eduardo Kamavinqa zədə səbəbindən son oyunları buraxıblar. Onların sırasına dünən birdən-birə əsas heyətin daha 3 üzvü qatılıb.

Aprelin 26-da “Barselona”ya qarşı İspaniya Kral Kubokunun finalında keçirilmiş matç (2:3) zamanı Antonio Rüdiger və Ferlan Mendi zədələnib.

Rüdiger yaxın günlərdə əməliyyat olunacaq. Mendinin sağalması üçün isə 3 ay vaxt tələb olunur.

Üstəlik “kral klubu”nun dünənki məşqi zamanı David Alaba diz nahiyəsindən zədə alıb. Avstriyalı müdafiəçi zədə səbəbindən “Real”da 1 illik fasilə vermişdi. Qayıdışı uğursuz olan Alaba üçün cari mövsüm başa çatmış sayılır.

“Real”ın məşqçilər korpusu “zədə epidemiyası”nın qarşısında çıxılmaz vəziyyətdə qalıb. Komandanın növbəti oyununda mərkəz müdafiəçisi mövqeyində təcrübəsiz Xakobo Ramonu görmək mümkün olacaq.

“Real” akademiyasının yetirməsi olan 20 yaşlı futbolçu bu mövsüm əsas komandada cəmi 2 matçda forma geyinib. O, Çempionlar Liqasında “Zalsburq”a (12 dəqiqə) və İspaniya Kral Kubokunun 1/4 finalında “Leqanes”ə qarşı (90 dəqiqə) oynayıb.

Mayın 11-də keçiriləcək “El-Klassiko”da da arxa xətdə məhz Ramonun yer alacağı gözlənilir. (Offsideplus.az)

Comments are closed.

Tərcümə »