Neft bazarı apreli qiymət enişi ilə başa vurur

Dünya bazarında neft qiymətləri aprel ayını üç ildən artıq müddət üçün ən aşağı həddə başa vurmaqdadır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ayın son günlərini bazar ABŞ-ın ticarət müharibəsinin qlobal iqtisadiyyatı və enerji tələbatını zəiflədəcəyi ilə bağlı narahatlıqlar, həmçinin Çindən gələn bədbin məlumatlar fonunda qiymət azalmasının sürətlənməsi ilə başa vurur.
Dünın açıqlanan rəsmi statistikadan aydın olub ki, Çində sənaye sektorunda işgüzar aktivlik azalıb. Belə ki, sektor üzrə satınalma menecerləri indeksi (PMI) mart ayındaki 50,5 bənddən apreldə 49 bəndə düşüb. 50 baldan aşağı göstərici aktivliyin azaldığını göstərir. Göstərici yanvar ayından bəri ilk dəfə bu səviyyədən aşağı düşüb.

Bundan əlavə, Amerika Neft İnstitutunun (API) hesablamaları ötən həftə ABŞ-ın neft ehtiyatlarının 3,76 milyon barel artdığını göstərib. Bundan əlavə, bazar İrana qarşı sanksiyaların yumşaldılması, həmçinin OPEK+ çərçivəsində neft təklifinin artması ehtimalını da nəzərə alır.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti bir barel üçün 63,12 dollar təşkil edir ki, bu da əvvəlki hərraclardakı qiymətdən 1,15 dollar (1,68 faiz) aşağıdır. İyunda çatdırılma ilə Brent fyuçerslərinin müddəti bu gün başa çatır. Daha aktiv şəkildə satılan iyul kontraktlarının qiyməti 0,80 dollar (1,27 faiz) ucuzlaşaraq 62,3 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyun fyuçersləri 0,77 dollar (1,27 faiz) ucuzlaşaraq 59,65 dollara bərabər olub.
Ümumilikdə, aprel ayında Brent 15 faiz, WTI 16 faiz ucuzlaşıb. Bu, 2021-ci ilin noyabrından bəri ən böyük enişdir.

Comments are closed.

Tərcümə »