Bu gün böyük qürur hissilə səfər etdiyimiz azad Laçını həqiqətən də postmüharibə dövrünün dirçəliş simvolu kimi göstərmək olar
Siyasi dialoq və milli həmrəylik faktoru bütün cəmiyyətlər üçün hər zaman aktuallığını qoruyub saxlayan məsələdir. Azərbaycanda siyasi dialoq və milli həmrəyliyin təzahürü xüsusən də 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra ən üst səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühiti geniş şəkildə təşviq olunur. Eyni zamanda, siyasi dialoq mühitinin təşviqi ilə yanaşı, yeni siyasi mədəniyyətin formalaşması, yeni siyasi konfiqurasiyanın təməllərinin möhkəmlənməsi prosesi də uğurla davam edir. Bu kontekstdə ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə birgə səfərlərinin təşkili artıq ən yeni tariximizin müsbət ənənələrindən birinə çevrilir.
Siyasi dialoqun təşviqinə xidmət edən bu səfərlər, eyni zamanda birlik və həmrəyliyin təzahürü kimi qəbul edilir. Biz bu qəbildən olan səfərləri birmənalı olaraq yüksək qiymətləndiririk. Ölkənin siyasi partiya rəhbərlərinin, ictimai xadimlərinin, politoloqlarının, media təmsilçilərinin bir araya gəlib işğaldan azad edilmiş ərazilərimizə birgə səfər etmələri artıq ənənə halını almaqla yanaşı, yeni reallıq kimi qəbul edilir. Belə bir həmrəylik səfərlərinin yüksək səviyyədə təşkil edilməsi bilavasitə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xətti ilə icra olunur.
Bu səfərlərin siyasi tərəfi ilə yanaşı, mənəvi-psixoloji əhəmiyyəti də var. Biz bu cür səfərlərin vasitəsilə 30 ilə yaxın davam edən işğal dövründə erməni vandalizminin törətdiyi vəhşiliklərin izlərini əyani olaraq görmək və təəssüratlarımızı geniş ictimaiyyətə çatdırmaq imkanı əldə edirik. Baxmayaraq ki, mən özüm də Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmişəm. Ancaq torpaqlarımız işğaldan azad edildikdən sonra ilk dəfədir ki, Ağdama, Zəngilana, Şuşaya, Xankəndiyə, Xocalıya, Əsgərana getmək nəsibimiz olur. Bu dəfə isə Qərbi Zəngəzurun qapısı sayılan, Azərbaycanın ən strateji nöqtələrindən biri olan gözəl Laçınımıza səfər etdik.
İşğaldan azad edilmiş ərazilərə sayca 6-cı olan bu səfərimizdə ümumilikdə 80 nəfər olmaqla, 24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloqlar, siyasi şərhçilər, internet televiziyalarının rəhbərləri, jurnalistlər təmsil olunurdu. Səfər çərçivəsində Zabuxçay su anbarı, Laçın şəhəri, o cümlədən Heydər Əliyev küçəsi, “Lacinema” kino mərkəzi, “Hoçazfilm” kinopavilyonu və Bəylik kəndində aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq olub, habelə “Zerti Aqro-Sənaye Parkı”nda fəaliyyət göstərən müəssisələr haqında bizə ətraflı məlumatlar verildi.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Laçın şəhərində səfər iştirakçıları qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı şəkildə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verdi. Ölkədə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna əhəmiyyətini vurğulayan Administrasiya rəsmisi qeyd etdi ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Vətənpərvər qüvvələri birləşdirən əsas amilin milli maraqlar və dövlətçilik mövqeyi olduğunu bildirən Ədalət Vəliyev onu da vurğuladı ki, Laçının timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan bərpa-quruculuq işlərinin səviyyəsi haqqında hər kəsdə dolğun təsəvvürlər formalaşa bilər.
Bəli, bu gün böyük qürur hissilə səfər etdiyimiz azad Laçını həqiqətən də yeni dönəmin, postmüharibə dövrünün dirçəliş simvolu kimi, quruculuq modeli kimi göstərmək olar. Laçın sürətlə dirçəlir, dəyişir. Erməni vandalizminin izləri Azərbaycanın quruculuq işləri ilə əvəzlənir. Laçın şəhərinin belə qısa müddət ərzində yenidən qurulması, dəyişməsi xalqımızın və dövlətimizin, dövlət başçımızın iradəsini bütün dünyaya göstərir. İndi 30 illik erməni vandalizminin ağır nəticələri ilə 2023-cü ilin antiterror əməliyyatından sonrakı ilyarım ərzində Laçında apardığımız böyük quruculuq işləri bir daha sübut edir ki, bu torpaqların əsl sahibləri məhz Azərbaycan xalqıdır. Dünya kimin kim olduğunu görür.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.