İşğaldan azad edilmiş torpaqlarımızı gəzmək, görmək hər bir Azərbaycan vətəndaşı üçün fəxrdir

İşğaldan azad edilmiş torpaqlarımızı gəzmək, görmək hər bir Azərbaycan vətəndaşı üçün fəxrdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərliyi ilə bu dəfə Laçındayıq.

Siyasi partiya liderləri, ictimai-siyasi xadimlər, politoloqlar və media təmsilçilərinin Laçın şəhərinə birgə səfəri işğaldan azad edilmiş ərazilərə sayca beşinci səfərdir.

Bu səfərlər birlik, həmrəylik səfərləridir. Bu səfərlər tarixi Zəfərimizin nəticələrini, dağıdılmış və talan edilmiş ərazilərimizin dirçəlişini əyani görməyə, göstərməyə xidmət edir. Bu səfərlər bizə erməni barbarlığının fonunda bir daha öz Millətimizin və Dövlətimizin qurucu xarakterini müşahidə və müqayisə etmək imkanı qazandırır.
Laçın bərpa və yenidənqurma işlərindən sonra büsbütün dəyişib, gözəlləşib. Hazırda burada çox sayda layihələr icra olunur. O cümlədən, gur sulu Zabuxçay üzərində böyük su anbarı yaradılır. Böyük Qayıdış isə Laçına ikinci nəfəs bəxş edib.

Bir sözlə, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi rəşadətli Ordumuzun tarixi Qələbəsi ilə bitəndən sonra erməni vandalizminin yurd yerlərimizə vurduğu yaralar köz bağlayır, dağıdılmış şəhər və kəndlərimiz sürətlə dirçəlir.

Bu gün biz Qarabağın və Şərqi Zəngəzurun sahibi olduğumuzu həm sözümüz, həm də işimizlə təsdiqləyirik.
Zaman Azərbaycanın xeyrinə işləyir.

Tanrı Azərbaycanımızı qorusun!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »