Ötən gün bütün dünya azərbaycanlıları ilə bərabər, dost və düşmənlərimizin də gözləri Bakıya zillənmişdi. Çünki paytaxtımızda iki soydaş, qardaş liderlərin çoxdan gözlənilən isti görüşü, səmimi söhbəti baş tutdu. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın görüşündən gedir. Düzdür, bu görüş molla rejiminin dini qanadının və SEPAH-ın yaratdığı süni əngəllər üzündən yubanırdı. Lakin islahatçı yönümlü Pezeşkian ölkəsinin Azərbaycanla bağlı ənənəvi, destruktiv baxış bucağına nisbi də olsa dəyişiklik etməyi və ölkəmizə səfərini gerçəkləşdirməyi bacardı. Odur ki, bu səfər İranın bundan öncəki prezidentlərinin səfərlərinə bənzəmir.
İranın sabiq prezidentləri Haşimi Rəfsəncani, Məhəmməd Hatəmi, Mahmud Əhmədinejad və Həsən Ruhaninin Azərbaycana səfərləri standart protokol xarakteri daşıyıb və insanlarımızda heç bir emosional hiss, rəğbət duyğusu doğurmayıb. Çünki onlar tipik fars-molla zehniyyətinin daşıyıcıları olub. Ancaq Pezeşkianın gəlişi isə mühüm siyasi hadisə kimi yadda qaldı. Çünki bu səfər iki ölkənin qonşuluq əlaqələri çərçivəsini aşaraq eyni milli kimliyi daşıyan, Azərbaycan türkü olan siyasi liderlərin qardaşlıq görüşünə çevrildi. Bəli, Məsud Pezeşkian türk olduğunu açıq bəyan edən ilk İran lideridir. Prezident İlham Əliyev Pezeşkianı əsl azərbaycanlı qonaqpərvərliyi ilə isti qarşıladı. Məhz bu isti, səmimi münasibətin nəticəsi olaraq Pezeşkian Bakıda özünü yad kimi hiss etmədiyini dilə gətirdi: “Özümü Ərdəbil və Təbrizdəki kimi hiss edirəm. İnşallah, iqtisadi, siyasi, hərbi və digər sahələrdə əlaqələrimiz inkişaf edəcək”.
Pezeşkianın milli kimliyi Azərbaycan-İran münasibətlərindəki “buz”ların əriməsi üçün olduqca önəmli amildir. Çünki əvvəlki prezidentlərin fars kimiliyi, mühafizəkar mövqeləri və sırf ali dini rəhbərin iradəsinə tabe olmaları onların Azərbaycanla normal və səmərəli münasibətlər qurmalarına mane olurdu. Baxmayaraq ki, Prezident İlham Əliyev qonşu İran dövləti ilə hər zaman sıx dostluq və əməkdaşlıq xəttinin tərəfdarı kimi çıxış edib, lakin molla rejimi istər 30 il davam edən işğal dönəmində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə daim Ermənistanın müttəfiqi kimi çıxış etməyə üstünlük verib və Azərbaycana qarşı təxribatçı, destruktiv mövqe sərgiləyib. Bir sözlə, molla rejiminin günahı üzündən İran-Azərbaycan münasibətlərində uzun illər ərzində böhran vəziyyəti yaşanıb. Lakin Pezeşkianın islahatçı mövqeyi İranın Azərbaycana qarşı yanlış siyasətində ciddi dönüş yarada bilər.
Elə molla rejiminin özü də artıq başa düşür ki, Azərbaycan Respublikası ilə münasibətləri normallaşdırmağa ehtiyac var. İlham Əliyevin uğurlu rəhbərliyi ilə regionun lider və qalib ölkəsinə çevrilən Azərbaycanla davamlı qarşıdurma mövqeyində olmağın İranın gələcək mənafeləri üçün zərərli olacağını dərk etməyə başlayan Tehran rejimi mümkün risk və təhdidləri önləmək üçün indi milliyətcə Azərbaycan türkü olan Pezeşkianın siyasi kursuna ümid bəsləyir. Pezeşkian isə hələ seçki kampaniyası dönəmində qonşu dövlətlərlə, ilk növbədə isə Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağın tərəfdarı kimi çıxış etmişdi. Bu isə o deməkdir ki, artıq İran-Azərbaycan münasibətlərinin normallaşması üçün şərait yaranır.
Bu kontekstdə mən Pezeşkianın ölkəmizə ilk səfərinin nəticələrini səmərəli hesab edirəm. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında bildirdi ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür: “Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək”. Dövlətimizin başçısı onu da qeyd etdi ki, səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri olacaq. Ümumən götürdükdə isə, Azərbaycan ilə İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var.
Öz növbəsində Məsud Pezeşkian da mətbuata bəyanatında Prezident İlham Əliyevə bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirdiklərini açıqladı: “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər. Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu kommunikasiyanı yarada bilərik. Biz sülh, təhlükəsizlik və rifah dolu bir region yarada bilərik”. İran Prezidenti həmçinin Qarabağın Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğunu bildirərək, onun səfərinin iki ölkə arasında əlaqələri gücləndirmək, birlik və həmrəyliyi gücləndirmək məqsədi daşıdığını deyib.
Pezeşkianın bu bəyanatları şübhəsiz ki, pozitiv bəyanatlardır. Ümid edək ki, o, öz bəyanatlarını gerçəkləşdirmək istiqamətində real addımlar ata biləcək. Düzdür, bizim bəzi ekspertlərimiz İranın mühafizəkar kəsiminin Azərbaycanla siyasətində müsbət istiqamətdə dəyişikliklər edəcəyinin gözlənilmədiyini və İran-Azərbaycan münasibətlərində müsbət sıçrayış gözləməyin çətin olduğunu düşünürlər. Əlbəttə, bu cür düşünənlər də müəyyən mənada haqlıdırlar. Ancaq bütün hallarda proseslərin gələcək inkişafına pozitiv yanaşmağımız üçün artıq ilkin əsaslar var. Əsas məqam budur ki, Pezeşkian təkcə İran Prezidenti kimi yox, həm də bir azərbaycanlı olaraq iki ölkə arasında ixtilafların aradan qaldırılmasında və əlaqələrin inkişaf etdirilməsində gerçəkdən maraqlıdır.
Prezident İlham Əliyevin Pezeskianı yüksək hörmət və qonaqpərvərliklə qəbul etməsi də ilk növbədə onun azərbaycanlı olması ilə və ona səs verən milyonlarla Güney Azərbaycan türkünün seçiminə sayğı ilə yanaşmasıyla bağlı idi. Bu cür isti və səmimi qarşılandığını görən Pezeşkian molla rejiminin islahatçı qanadının rəhbəri kimi bir daha real şəkildə əmin oldu ki, Azərbaycan həqiqətən də İranın ən yaxşı, ən təhlükəsiz qonşusudur və Azərbaycandan bundan sonra da İrana qarşı hər hansı təhdid gözlənilmir. Bakıdan bu əminliklə ayrılan Pezeşkian indi bu həqiqəti Tehranda oturan mürtəce zehniyyətli hakim elitaya da çatdırmalı, başa salmalıdır. Ümumən isə, Pezeşkianın Azərbaycana 120 nəfərlik böyük bir heyətlə gerçəkləşdirilən səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Münasibətlərin normal məcraya yönəlməsi, yaxşılaşması üçün böyük imkanlar açılır. Ümid edək ki, İranı toksik qonşudan yaxşı qonşuya çevirə biləcəyik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.