Bu gün Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı qlobal təşəbbüslərə ev sahibliyi etməyimiz baxımından olduqca mühüm hadisədir. Bu, eyni zamanda, bütövlükdə Qlobal Cənub bloku üçün də vacib hadisədir. Çünki bu gün 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platforması təsis olundu. Bildiyimiz kimi ötən ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazandı və bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzaladı. Sonrakı dövrdə isə Qlobal Cənub QHT Platformasının təsisatlanması, təşkilatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi isə, necə deyərlər, zamanın tələbinə çevrildi. Çünki bu cür qlobal təsisatlar, platformalar daha geniş miqyasda birgə, koordinasiyalı fəaliyyət göstərmək üçün əlverişli imkanlar yaradır. Bu məqamı Prezident İlham Əliyev də bu gün Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanladığı müraciətində qeyd edib və Qlobal Cənub QHT Platformasının təsis olunmasını Qlobal Cənubun həyatında vacib hadisə kimi qiymətləndirib.
Sözügedən müraciətində Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühitini yaratmasını, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutmasını konfrans iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı, eyni zamanda, Qlobal Cənubun güclü səsinə çevrilən ölkəmizin bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərindəki fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib. Cənab Prezident, həmçinin, Qlobal Cənub QHT Platformasının xalqlarımızın səsinin eşidilməsi, onların mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəyinə inandığını bildirib.
Yeri gəlmişkən, BMT də bu gün paytaxtımızda Qlobal Cənub QHT platformasının təsis edilməsini təqdirlə qarşılayıb. Belə ki, BMT-nin nümayəndəsi Wook-Jin Chang Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı bildirib ki, Azərbaycanın nümayiş etdirdiyi inklüziv dialoq səyləri rəsmi Bakının qlobal həmrəyliyə nə qədər böyük önəm verdiyinin göstəricisidir. BMT rəsmisi onu da vurğulayıb ki, iqlim dəyişikliyi və münaqişələrin tüğyan etdiyi hazırkı dövrdə Qlobal Cənub Platforması ortaq təcrübələrin paylaşılması, dayanıqlı vətəndaş cəmiyyətinin formalaşmasına ciddi töhfələr verə bilər. Eyni zamanda, qeyd olunub ki, bu gün BMT-nin QHT-lərə, QHT-lərin də BMT-yə ciddi ehtiyacı var. Bu mənada, icmaların və QHT-lərin sıx əməkdaşlığı bütün tərəflər üçün faydalıdır.
Bir mühüm məqamı da qeyd edək ki, Qlobal Cənub Qeyri-Hökümət Təşkilatı (QHT) Platformasına rəhbərlik 116 ölkənin QHT-lərinin razılığı ilə Azərbaycana verilib və Qlobal Cənub QHT Platformasının mərkəzi qərargahı da Bakıda yerləşəcək. Bu da ölkəmizə böyük inam və etimadın göstəricisidir. Prezident İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciətində qeyd etdiyi kimi, bu gün bizim ölkəmiz Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək, etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindədir. İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə daim sadiqik. Bu mənada, Prezidentin müraciəti qlobal həmrəyliyə çağırış nümunəsidir. İlham Əliyevin qlobal həmrəyliyə və sülhə yönəlik təşəbbüsləri bölgəmiz və dünyamız üçün əhəmiyyətlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.