Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı işinə başlayıb

Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı işinə başlayıb.

Tədbir Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.

Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini – dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.

Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə – yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq platformasıdır. O həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.

Xatırladaq ki, platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.

İki gün davam edəcək “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfransda dünyanın aparıcı vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edəcək, qlobal diskussiyalar təşkil olunacaq, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyəti vurğulanacaq. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.**report.az

Comments are closed.

Tərcümə »