Prezident Azərbaycanla Aİ arasında səmərəli dialoq və uğurlu əməkdaşlıq münasibətlərinin genişlənəcəyinə əmindir
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri tərəflər arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşımaqla bərabər, həmçinin Aİ-Azərbaycan münasibətlərində tamamilə yeni səhifə açır. Erməniləri və yunanları qıcıqlandıran, onları Kaya Kallasa qarşı sosial media üzərindən linç kampaniyası aparmağa təhrik edən psixoloji amil də elə budur. Onlar Jozep Borrel dövrünün başa çatmasıyla heç cürə barışa bilmirlər. Qatı ermənipərəst mövqe tutan Borrel Azərbaycan və Türkiyəyə qarşı neqativ münasibət sərgiləməklə ermənilər və yunanlarda məmnunluq hissi yaradırdı. Lakin indi tamamilə yeni reallıqlar formalaşıb, qlobal geosiyasi düzən kökündən dəyişib. Həmçinin Avropa İttifaqının xarici siyasət və qlobal əməkdaşlıq kursu da yeni beynəlxalq münasibətlər kontekstində korrektələrə məruz qalır, dəyişir. İndi Avropa İttifaqı əvvəlki kimi Borrel psixologiyası ilə siyasət yürüdə bilməz. Avropa İttifaqı dəyişən reallıqlar şəraitində öz prioritetlərini və əməkdaşlıq prinsiplərini yenidən nəzərdən keçirməyə məhkumdur. Birliyin Azərbaycanla əməkdaşlığı genişləndirmək, dayanıqlı müstəviyə keçirmək qərarı da məhz bu zərurətdən qaynaqlanır. Görünən budur ki, Aİ artıq öz maraqlarını erməni lobbisinin mənafelərinə qurban vermək istəmir. Bu mənada, Borrelin Aİ-da hökmranlıq dövrünü tam olaraq bitmiş hesab etmək olar.
Az öncə qeyd etdiyimiz kimi indi Aİ-Azərbaycan münasibətlərində tamamilə yeni dövr başlayır, yeni səhifə açılır. Aprelin 25-də Prezident İlham Əliyev tərəfindən qəbul edilən Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan xarici qonaq ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.
Öz növbəsində Prezident İlham Əliyev də Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyib, Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxunub. Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Ümumiyyətlə, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir. Enerji təhlükəsizliyi, nəqliyyat, regional sabitlik, bərpaolunan enerji və Trans-Xəzər enerji dəhlizi üzrə əməkdaşlıq perspektivlərinin ətraflı müzakirə olunduğu bu görüş əsnasında Kaya Kallas bildirib ki, Aİ Azərbaycanla ticarət əlaqələrini yeni saziş əsasında genişləndirmək niyyətindədir.
Beləliklə, Makron Fransasının və Borrel kimi liberal, ermənipərəst Aİ bürokratlarının anti-Azərbaycan mövqeyi ucbatından son illərdə Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli əlaqələrində yaşanan lüzumsuz soyuqluq və gərginliklər artıq aradan qalxmaqdadır. Borreldən fərqli olaraq Kaya Kallas ideoloji ehkamların əsiri deyil. Rasional və realist siyasətə üstünlük verən K.Kallas Azərbaycanla münasibətləri zədələməyin yox, əksinə, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsinin tərəflər üçün faydalı olacağını düşünür. Bu, həqiqətən də kifayət qədər praqmatik və sağlam düşüncədir. Aİ-nın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətinin məhz Azərbaycan üzərindən həyata keçirilməsinin daha səmərəli olduğunu anlamaq üçün Borrel kimi sarsaqlara yox, Kaya Kallas ağıllı praqmatiklərə ehtiyacı vardı. Yeni yanaşma tərzi sərgiləyən və ölkəmizə rahat şəkildə səfər edən K.Kallasın yürütdüyü çevik xarici siyasət kursu Avropa İttifaqı üçün yeni imkanlar açacaq. Prezident İlham Əliyev də Azərbaycanla Avropa İttifaqı arasında səmərəli dialoq və uğurlu əməkdaşlıq münasibətlərinin genişlənəcəyinə əmindir. İndi tam əminliklə deyə bilərik ki, Avropada türkəfobiyaya, azərbaycanfobiyaya və islamofobiyaya əsaslanan Makron zehniyyəti, Borrel təfəkkürü artıq iflasa uğrayıb.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.