Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Elif Başaran beyin sağlamlığını qorumaqda və bilişsel performansı artırmaqda mühüm rol oynayan qida maddələrini açıqlayıb.
Onun sözlərinə görə, selen, sink, omeqa-3 yağ turşuları və kofein kimi neyronutrientlər sinir sisteminə birbaşa təsir göstərərək diqqət, yaddaş və informasiya emalı sürətini gücləndirir.
Dr. Başaran bildirir ki, bu qidaların balanslı şəkildə istehlakı idrak funksiyalarını dəstəklədiyi halda, onların çatışmazlığı yorğunluq, diqqət dağınıqlığı, narahatlıq və depressiya kimi psixi pozğunluqlara səbəb ola bilər. Eyni zamanda, həddindən artıq qəbulu da zərərli təsirlər doğura bilər. Ona görə də sağlam qidalanma yanaşması və mütəxəssis nəzarəti böyük əhəmiyyət daşıyır.
Selen: Beynin antioksidant qalxanı
Selen qlutatyon peroksidaza fermentinin kofaktoru olmaqla, orqanizmin antioksidant müdafiə sistemində vacib rol oynayır. Bu mikroelement beyində oksidləşdirici stressi azaldır və aşağı səviyyədə olması depressiya, narahatlıq və yaddaş problemləri ilə əlaqələndirilir.
Sink: Yaddaşın və öyrənmənin dəstəkçisi
Sink əsasən beynin hipokampus hissəsində cəmlənir və yaddaşla öyrənmə funksiyalarında aktiv rol oynayır. Aşağı sink səviyyələri idrak problemləri, depressiya və neyrodegenerativ xəstəliklər üçün risk faktoru hesab olunur.
Kofein: Diqqəti artıran təbii stimulyator
Kofein adenozin reseptorlarını bloklayaraq ayıqlığı artırır və diqqət səviyyəsini yüksəldir. Araşdırmalar göstərir ki, onun orta miqdarda qəbul edilməsi qısa müddətli yaddaşı və psixomotor performansı yaxşılaşdırır. Bununla belə, yüksək dozalarda istehlakı narahatlıq, yuxusuzluq və asılılıq kimi fəsadlara səbəb ola bilər.
Zehni performans üçün qızıl üçlük: balıq, qoz və yumurta
Dr. Başaran xüsusilə omeqa-3 yağ turşuları olan DHA və EPA-nın beyin üçün ən güclü neyronutrientlərdən olduğunu vurğulayır. Somon, skumbriya, sardina kimi yağlı balıqlar, qoz, kətan və çia toxumları ilə zəngin omeqa-3 mənbələri beyində qoruyucu təsir göstərir. Həftəlik yumurta istehlakının azaldılmış Alzheimer riski ilə əlaqəli olduğu qeyd olunur. Bu təsir yumurtada olan xoline maddəsi ilə izah edilir.
Nəticə olaraq, beyin sağlamlığını qorumaq üçün qidalanma təkcə fiziki sağlamlıq baxımından deyil, həm də psixi rifah üçün vacibdir. Neyronutrientlər balanslı və davamlı şəkildə qəbul edilməli, qida rejimi fərdi ehtiyaclara uyğunlaşdırılmalıdır.//E-saglam.az
Comments are closed.