Bu cür absurd iddia ilə ancaq Zatulin kimi təxribatçılar, araqarışdıranlar çıxış edə bilərlər

Mif yaratmaq, nağıl uydurmaq, tarixi saxtalaşdırmaq “usta”sı olan ermənilər və onların muzdlu dəstəkçiləri bu gün yenə də xüsusi fəallıq və canfəşanlıqları ilə diqqət cəlb etməyə çalışdılar. Onlardan biri də ştatlı və stajlı ermənipərəst, Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədrinin birinci müavini Konstantin Zatulindir. Ölkəmizə qarşı ənənəvi olaraq saxta, yalan iftiralar və böhtanlar yağdırmaqla tez-tez gündəmə gələn bu yaramaz provokator bu dəfə özünü 24 aprel qondarma “erməni soyqırımı”nın anım günü kimi qeyd olunmasından istifadə edərək gündəmə soxuşdurmağa çalışıb.

Paşinyan iqtidarı tərəfindən Ermənistana girişi qadağan olunan Zatulin rusiyapərəst erməni müxalifətinin və millətçi daşnakların, revanşistlərin rəğbətini qazanmaq üçün qondarma “erməni soyqırımı” ilə 2023-cü ilin sentyabrında ermənilərin Qarabağı tərk etməsi arasında müqayisə və eyniləşdirmə aparıb. O, iddia edib ki, “erməni əhalisinin Dağlıq Qarabağdan kütləvi şəkildə köçürülməsi 1915-ci il erməni soyqırımının davamı idi”. Əlbəttə, bu cür absurd iddia ilə ancaq ermənilərin Xankəndindən sıxışdırılıb çıxarılmasına, qovulmasına aid əlində bir dənə də olsun dəlil-sübutu olmayan Zatulin kimi təxribatçılar, araqarışdıranlar çıxış edə bilərlər.

MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə təşkil etdiyi dəyirmi masalarda ölkəmizin əleyhinə heç bir sərhəd tanımadan yalan və böhtanlar üzərində qurulmuş çıxışlar edən qatı şovinist K.Zatulinin Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini kimi yüksək post tutması, sözün açığı, təəccüb doğurur. Bu adam obyektivliyi, tərəfsizliyi, neytrallığı qorumaq əvəzinə, bir MDB üzvünün (Ermənistanın) xeyrinə digər MDB üzvünə (Azərbaycana) dayanmadan şər-böhtan atır. Maraqlıdır, məgər Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin iş prinsipləri Zatulinin şəxsi maraqları əsasında formalaşdırılır? Yoxsa, Rusiyanın dövlət maraqları erməni lobbisinin Zatulinə ödədiyi pulların qarşılığında arxa plana keçir?

“1995-ci ildə mənim məruzəmə əsasən, Rusiya Federasiyasının Dövlət Duması bu “soyqırım”ını tanıdı”, – deyə özünü nümayişkaranə şəkildə gözə soxan K.Zatulin, əslində, bu cür açıqlamaları ilə Kremlin özünü pis vəziyyətdə qoyur və Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə xidmət edir. Rusiyanın dövlət maraqlarını erməni lobbisinin maraqlarına qurban verən Zatulinin Ermənistanda “arzuolunmaz şəxs” elan edilməsi ona verilən ən layiqli qiymətdir. Lakin Kreml isə Zatulinin erməni lobbisi qarşısında muzdlu nökərçiliyinə hələlik göz yumur. Zatulin isə bu fürsətdən yararlanıb Azərbaycana qarşı toksik ittihamlarını davam etdirir. Lakin ilahi ədalət deyilən bir anlayış da var. Zatulin kimi zəhərli varlıqlar öz kin və saxtakarlıqlarının içində boğulub yox olurlar.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »