Məhz İlham Əliyevin və Si Zinpinin şəxsi səyləri nəticəsində Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Müstəqilliyin son 30 ilində davamlı olaraq çoxvektorlu xarici siyasət xəttini yürüdən Azərbaycan Respublikası üçün Çin Xalq Respublikası ilə münasibətlərin inkişaf etdirilməsi də daim prioritet istiqamətlərdən biri olub. Bu baxımdan Prezident İlham Əliyevin Çinə dövlət səfəri həqiqətən də tarixi əhəmiyyətli səfər xarakteri daşıyır. Azərbaycan-Çin münasibətlərində yeni mərhələyə start verən bu səfər həm geosiyasi maraqlar baxımından, həm də sıx iqtisadi əməkdaşlıq nöqteyi-nəzərindən olduqca böyük perspektivlər vəd edir. Getdikcə dünyanın bir nömrəli iqtisadi super gücünə çevrilməkdə olan Çin ilə münasibətlərimizin strateji səviyyəyə yüksəlməsi mühüm nəticədir. Çin Azərbaycanı Cənubi Qafqaz regionunda əsas etibarlı tərəfdaş kimi qəbul edir. Bu isə dünyanın yüksələn yeni supergücü ilə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmindir.
Prezident İlham Əliyev Pekinə səfər ərəfəsində Çinin “Sinxua” agentliyinə verdiyi xüsusi müsahibəsində yalnız ölkəmiz üçün deyil, region üçün mühüm əhəmiyyət daşıyan bir sıra məsələlərə toxunaraq bildirib ki, iki ölkə arasında regional təhlükəsizlik və sabitlik məsələlərində qarşılıqlı dəstək məsələsi daim diqqətdə saxlanılır. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və qarşılıqlı dəstək ifadə edir. Bu, hər iki tərəf üçün olduqca vacib və prinsipial məsələdir. Bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulub. Bu gün artıq Azərbaycan-Çin strateji tərəfdaşlığı qlobal əməkdaşlıq müstəvisinə keçib. Münasibətlərimizin bu səviyyəyə yüksəlməsi heç şübhəsiz ki, beynəlxalq arenada da ölkəmizin nüfuzunu artıracaq.
Onu da qeyd edək ki, Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu baxımdan, hazırkı strateji tərəfdaşlığımız uzunmüddətli və çoxşaxəli əməkdaşlığa əsaslanır. Ötən 33 il ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və enerji sahələrində uğurlu əməkdaşlıq qurulub. Çinlə sıx əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət kəsb etdiyi kimi, Azərbaycan da Çin üçün önəmli tərəfdaş sayılır. Xüsusən də 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpasına nail olduqdan və regionda yeni reallıqlar yaratmağımızdan sonra Azərbaycanın Çin üçün strateji əhəmiyyəti daha da artıb. Başqa sözlə desək, qalib və güclü Azərbaycan Çin üçün üçün cəlbedici ölkəyə çevrilib.
“Bir kəmər, bir yol” meqa-təşəbbüsü ilə qlobal iqtisadi açılıma gedən Çin Azərbaycanı həm də Zəngəzur dəhlizinin açılması planına görə güclü şəkildə dəstəkləyir. Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iri nəqliyyat və infrastruktur layihələri “Bir kəmər-bir yol” ideyasının realizasiyasına mühüm töhfə verə bilər. Məhz bu baxımdan Orta Dəhliz (və o cümlədən, Zəngəzur dəhlizi) Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və sərfəli alternativ marşruta çevrilib. Təsadüfi deyil ki, Azərbaycan da öz növbəsində Çindən sonra “Bir kəmər, bir yol” layihəsinin ən böyük dəstəkçisi hesab olunur. Çünki sözügedən qlobal layihənin gerçəkləşdirilməsi Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün yeni perspektivlər deməkdir.
Dövlətimizin başçısı “Sinxua” agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. Bu gün dövlət başçımızın Pekində yüksək səviyyədə qarşılanması və Prezident İlham Əliyev ilə Sədr Si Zinpinin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalamaları hər iki tərəfin əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bir daha təsdiq edir.
Səfər əsnasında Pekində müxtəlif sahələr üzrə Azərbaycan-Çin sənədlərinin imzalanması da onu göstərir ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. İki ölkə liderlərinin fəal dialoqu, şəxsi görüşləri, telefon danışıqları, eləcə də məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad mühiti də ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır. Məhz İlham Əliyevin və Si Zinpinin şəxsi səyləri nəticəsində Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu mənada heç də təsadüfi deyil ki, Azərbaycan hal-hazırda Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı sayılır. Son illərdə ticarət dövriyyəsinin müsbət dinamika ilə artması nəticəsində Çin ölkəmizin dördüncü böyük ticarət tərəfdaşına çevrilib. İki ölkə arasında əlaqələr bundan sonra daha da sürətlə inkişaf edəcək. Prezidentin Çinə səfərinin uğurlu nəticələri Azərbaycanın geosiyası və geoiqtisadi mövqelərinin daha da güclənməsinə təkan verəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.