Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir. Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.
Müşfiqabad qəsəbəsindən şəhər istiqamətinə gələn yolda güclü leysan yağışı səbəbindən nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Yağıntının intensivliyi nəticəsində yolun bəzi hissələrində su toplandığından avtomobillərin hərəkəti məhdudlaşıb.
Xüsusilə səhər saatlarında işə tələsən vətəndaşlar uzun tıxaclarla üzləşiblər.
Yolun 3 kilometrlik hissəsində gölməçələr əmələ gəlib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin və aidiyyəti qurumların texnikaları cəlb olunub. Hazırda suyun çəkilməsi və yolun təmizlənməsi istiqamətində işlər aparılır.
Sürücülərə zəruri olmadığı halda həmin istiqamətdən istifadə etməmək, hərəkətdə olarkən maksimum ehtiyatlı olmaq tövsiyə olunur. Həmçinin, aidiyyəti orqanlar vətəndaşlara hava şəraitini nəzərə alaraq əvvəlcədən alternativ yollar seçməyi məsləhət görürlər.
Qeyd edək ki, ölkə ərazisində son günlər havanın dəyişkən keçməsi və güclü yağıntılar bir sıra bölgələrdə də oxşar vəziyyətlərə səbəb olub. Sinoptiklərin məlumatına görə, yağışlı hava şəraiti yaxın günlərdə də davam edəcək.\\musavat\\
Comments are closed.