“Xocavənd əməliyyatı”nın il dönümüdə 7 kəşfiyyatçı hərbçimizin şəhadətə ucaldığı əraziyə səfər təşkil olunub. Şəhidlərin xatirəsi və hərb tarixinə nümunə olan qəhrəmanlığı bir daha xatırlanıb.
Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xətti ilə təşkil edilən səfərdə, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.
Yuxarı Güzlək kəndi ərazisində “Xocavənd əməliyyatı” şəhidlərinin xatirəsinə salınan guşə ziyarət edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi sükutla anılıb.
Çıxış edənlər qəhrəman hərbçilərimizin keçdiyi şərəfli döyüş yolundan danışıblar. Bildirilib ki, 1997-ci il aprelin 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əmri ilə iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilib. Tapşırığın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub. Birinci qrup tapşırığı yerinə yetirərək itkisiz qayıdıb. Leytenantlar Elxan Ağayev (qrup komandiri) və Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Musatafayev və Aqil Əhmədovdan ibarət olan ikinci qrup Füzuli rayonu Horadiz istiqamətindən təmas xəttini keçib və təxminən 40-50 kilometr yol qət edərək döyüş tapşırığı yerinə yetiriblər. Lakin əməliyyatın üçüncü günü, geri qayıdarkən Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində düşmən tərəfindən aşkarlanıblar. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif kəşfiyyatçılarımız tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.
Çavuş Aqil Əhmədov isə ağır yaralanıb və huşsuz vəziyyətdə qalıb, döyüşçü yoldaşları onun şəhadətə ucaldığını düşünüblər. Qrupun digər yeddi üzvü döyüşə davam ediblər. Onlar sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Huşsuz vəziyyətdə qalan çavuş Aqil Əhmədov ermənilər tərəfindən aşkarlanıb onun sağ olduğu bilinib və düşmən tərəfindən əsir götürülüb. Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. Onlar Bakıdakı İkinci şəhidlər xiyabanında dəfn olunublar. Onların hər biri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər. Ermənilər tərəfindən əsir götürülən Aqili isə 1998-ci ilin fevral ayında ermənilər məhkəmə qarşısına çıxararaq bir neçə maddə ilə ittiham irəli sürərək ona güllələmə hökmü təyin ediblər. Dövlətimiz tərəfindən Aqilin xilas edilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Uzun sürən danışıqlardan sonra 1999-cu ilin mart ayında Ulu Öndər Heydər Əliyevin köməkliyi ilə Aqili bir erməni əsir və iki erməni cəsədi ilə dəyişmək mümkün olub və Aqil Vətənə qayıdıb.
Həmçinin çıxışlar zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində torpaqlarımızın azad edilməsindən danışılıb. Bildirilib ki, qəhrəman oğullarımız öz canı-qanı bahasına tarix yazıblar. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərba olunub. Artıq azad edilən ərazilərə həyat qayıdıb keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşublar.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra “Xocavənd əməliyyatı” şəhidlərinin xatirəsinə onların şəhid olduğu ərazidə bulaq tikilib və simvolik bir güşə yaradılıb. (AZƏRTAC)

















Comments are closed.