Donald Trampın təkrar hakimiyyətə gəlişi ilə həm ABŞ-da, həm də bütövlükdə Qərb dünyasında solçu, liberal, qlobalist qüvvələrin diktaturasına ağır zərbə vurulsa da, lakin o qüvvələrin Avropa Şurası, Avropa Parlamenti, ATƏT və s. kimi bir sır beynəlxalq qurumlarda təsir gücü hələ də qalmaqda davam edir. Həmin qurumların məruzəçilərinin və ya təmsilçilərinin “ikili standart”lardan çıxış etmək və Azərbaycana münasibətdə ermənipərəst mövqe nümayiş etdirmək “ənənə”sinə sadiqlikləri də bundan irəli gəlir. Həmçinin, Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl O’Flaertinin AŞPA-da (Avropa Şurası Parlament Assambleyası) Azərbaycanın əleyhinə qərəzli fikirlər səsləndirməsi də elə bunun göstəricisidir.
Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı vəzifəsinin Maykl O’Flaerti kimi qeyri-obyektiv və üstəgəl, tamamilə naşı adama həvalə edilməsi dərin təəssüf hissi doğurur. Bu adam hətta bəlkə də xəritədə Azərbaycan və Ermənistanın yerini göstərə bilməyəcək qədər savadsız və qeyri-kompetentdir. Ona görə də M. O’Flaerti AŞPA-da Ermənistandan olan deputatların suallarını cavablandırarkən məhz onların qulaqlarına xoş gələ biləcək fikirlər səsləndirib və ermənilərin Qarabağa qayıdışı haqda danışdığı halda, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı barədə isə heç nə deməyib. Çox güman ki, Avropa Şrasının ali komissarı Qərbi azərbaycanlıların 1988-ci ildə indiki Ermənistandan zorla deportasiya olunması faktından da, ümumiyyətlə, məlumatsızdır.
Görünən budur ki, Maykl O’Flaertinin gündəmində Azərbaycan həqiqətlərinə əsla yer yoxdur. Onun gündəmini və məruzələrini də böyük ehtimalla erməni lobbisi formalaşdırır, hazırlayır. Belə olmasaydı, Maykl O’Flaerti hazırda Bakıda məhkəməsi davam edən erməni separatçılarının “vəkil”i rolunda çıxış etməz və onların azadlığa buraxılmasını tələb etməzdi. Əslində, Maykl O’Flaertinin anti-Azərbaycan mövqeyindən çıxış etməsində təəccüblü heç nə yoxdur. Bütövlükdə AŞPA özü Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini hələ də davam etdirirsə, Maykl O’Flaertinin Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı yox, “erməni hüquqları üzrə ali komissar” kimi davranması da təəccüblü görünmür. Beynəlxalq qurumlar bu cür solçu-liberal ünsürlərdən, erməni lobbisinin nökərlərindən təmizlənmədikcə, özləri haqda obyektiv imic formalaşdıra bilməyəcəklər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.