Almaniya Cənubi Qafqazda hansı ölkə ilə strateji tərəfdaşlıq etmək istəyini dəqiq müəyyən etməlidir

Almaniya Prezidenti Frank Valter-Ştaynmayerin Cənubi Qafqaza regional turne çərçivəsində Ermənistana səfərindən sonra rəsmi İnstaqram səhifəsində Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş erməni separatçılarının qondarma “bayrağ”ını paylaşdığına görə, Almaniyanın ölkəmizdəki səfirinin XİN-ə çağırılaraq ona sərt etiraz bildirilməsi tamamilə adekvat və təqdirəlayiq addımdır. Azərbaycanın ərazi bütövlüyünə qarşı paylaşım edən bir ölkənin lideri də, onun Bakıdakı səfiri də sərt danışmağımızı haqq edirlər.

Məhz qarşı tərəflə danışığın olduqca sərt tərzdə aparılmasının nəticəsidir ki, Almaniya səfiri Ralf Horlemann həmin paylaşımın texniki səhv olduğunu və artıq silindiyini bildirib. Habelə bununla bağlı şifahi üzrxahlıq da edib. Lakin Azərbaycan XİN-in məlumatında qeyd olunduğu kimi, rəsmi Bakı haqlı olaraq Almaniya tərəfindən ictimai şəkildə üzrxahlıq edilməsini tələb edib. Bu gün həmin tələb yerinə yetirildi və Almaniya Prezident Adminstrasiyasının rəsmi üzrxahlıq məktubu dərc edildi. Məktubda deyilir ki, “Bu paylaşım texniki səhv səbəbindən dərc edilib. Biz həmin paylaşımı silmişik. Azərbaycandan üzr istəyirik”. Beləliklə, rəsmi Bakının sərt və prinsipial mövqeyi öz müsbət nəticəsini verdi və Almaniya tərəfi geri addım atdı. Əks təqdirdə, Almaniya tərəfi rəsmi şəkildə üzr istəməsəydi, Ştaynmayerin sabah Bakıya gözlənilən səfəri sual altına düşə bilərdi. Yəni ki, rəsmi Bakı bu səfərin baş tutmasından imtina edə bilərdi.

Bakının bu cür sərt mövqeyi Almaniya liderinə dərs olacaq. Ştaynmayerin ölkəmizin ərazi bütövlüyünə qarşı bu cür kobud səhvə yol verməsi və separatizmə dəstək nümayiş etdirməsi Almaniya-Azərbaycan münasibətlərini ciddi şəkildə zədələyə bilərdi. Almaniyanın siyasi elitası Makron kimi davranmamalı və Azərbaycanla əməkdaşlığı erməni separatizminə qurban verməməlidir. Biz heç bir ölkənin siyasi liderinin bu cür təxribatlarına göz yummayacağıq. Almaniya Cənubi Qafqazda hansı ölkə ilə strateji tərəfdaşlıq etmək istəyini dəqiq müəyyən etməlidir. Ermənistan kimi “bankrot” ölkə ilə sıx iqtisadi tərəfdaşlıq etmək Almaniyanın strateji maraqlarına uyğun deyil. Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır. Almaniya Federativ Respublikasının Prezident Administrasiyasının rəhbəri Dörte Dingerin təcili qaydada Bakıya üzrxahlıq məktubu göndərməsi də elə bu anlayışdan doğur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »