Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
AHK-nin mətbuat xidməti xəbər verir ki, bayram təbrikində deyilir:
“Əziz soydaşlar, dəyərli bacı və qardaşlar!
Sizi müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Ramazan ayı insanlara ən gözəl xüsusiyyətləri, dəyərləri aşılayır. Bu ayda 30 gün davamlı oruc tutmaq hər bir insana öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, səbrli və xoşgörülü olmağı, nəfsinə hakim olmağı təlqin edir, hamıya sevgi və şəfqətlə yanaşmağı, başqalarının halıyla maraqlanmağı tövsiyə edir, imkansız insanlar üçün iftar süfrələri açmağa çağırır. Bu baxımdan, Ramazan ayı həm də birlik və həmrəylik ayıdır. Bu ay bütün soydaşlarımızı, dindaşlarımızı, doğmalarımızı bir araya gətirməyə vəsilə olur.
Milli-mənəvi həmrəyliyin rəmzlərindən birinə çevrilən Ramazan ayında bütün ağızlar dualı olur, əllərimiz-ovuclarımız Tanrının dərgahına açılır. Həm doğmalarımız və dostlarımız üçün, həm də xalqımız və dövlətimiz üçün dualar edir, əziz şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyirik.
Şükürlər olsun ki, 11 ayın Sultanı sayılan müqəddəs Ramazan ayının bu mübarək günlərini sağlıqla yaşamağı və könül xoşluğu ilə oruc tutmağı Uca Rəbbimiz bu il də bizə nəsib etdi.
Allah oruclarımızı, dualarımızı qəbul etsin. Həmrəyliyimiz heç vaxt sarsılmasın! Qalib Azərbaycanımızın gələcək günləri xeyirli-uğurlu olsun!
Bayramınız mübarək!
Hörmətlə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”
Comments are closed.