Qarabağ və Şərqi Zəngəzur mənfur erməni işğalından azad ediləndən sonra ev-ev, oba-oba, el-el yenidən qurulur. Dirçəlişimiz və Böyük Qayıdışımız uğurla davam edir. Böyük Qayıdışın növbəti ünvanı Ağdam rayonunun Sarıcalı kəndidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də həm Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak etdilər, həm də Şuşaya gedib orada aparılan ən son bərpa-yenidənqurma işlərinin nəticələri ilə tanış oldular. Dövlətimizin başçısı işğaldan sonra ilk dəfə Ağdamda yerli sakinlərlə görüşəndə və yeni şəhərin təməlini qoyanda (28 may 2021-ci il tarixində) Ağdam şəhərinin Baş Planından danışaraq demişdi ki, biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır. Budur, aradan 4 il keçəndən sonra Ağdamda və eləcə də Sarıcalı kəndində görülən işlər həqiqətən də həsəd aparılacaq səviyyədədir. Cənab Prezidentin sözüylə desək, bəli, biz belə şəhər qururuq.
Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri olan Sarıcalı kəndi Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmiş, buradakı evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Lakin 44 günlük Vətən müharibəsindən sonra Sarıcalı kəndinin ən yeni tarixi başlayıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Son üç ildə burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Eləcə də kənddaxili yollar bərpa edilib, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünənki səfər çərçivəsində həm Sarıcalı kənd körpələr evi-uşaq bağçasının, həm də Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak etdilər. Daha sonra dövlətimizin başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşdülər. Dövlət başçısı tərəfindən sakinlərə yeni evlərin açarları təqdim olundu. Prezident İlham Əliyev sakinlər qarşısında çıxışında bir sıra önəmli mesajlar verdi. “Biz Ağdamı yenidən qururuq və quracağıq” ifadəsini səsləndirməklə bu yerlərin işıqlı gələcəyinə sonsuz inamını nümayiş etdirən dövlətimizin başçısı hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və bərpa işlərinin bundan sonra da sürətlə davam etdiriləcəyini bildirdi.
Sarıcalı kəndinin inşasının birinci mərhələsi artıq başa çatmış sayılır. Burada hazırda 200-dən çox ev inşa olunub. İkinci mərhələ başa çatandan sonra isə evlərin sayı təxminən 400-ə çatacaq. Beləliklə, bu gün Sarıcalıda yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür – 12 sot. Eyni zamanda, ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Dövlətimizin başçısı Sarıcalıda insanlarımızın rahat və xoşbəxt yaşayacaqlarına Qalib Sərkərdə kimi əminliyini bildirdi: “Bu gün burada insanlar rahat yaşayacaqlar, heç kimdən qorxmadan, ləyaqətlə yaşayacaqlar. Əminəm ki, xoşbəxt yaşayacaqlar. Çünki artıq həm torpaqlar geri qaytarıldı, eyni zamanda, xalqımızın milli ləyaqəti bərpa edildi”.
Çıxışında Ağdamın və Sarıcalı kəndinin işğal dövründəki acı tarixçəsinə ekskurs edən Prezident İlham Əliyev erməni faşizminin dünya tarixində faşizmin ən yüksək nöqtəsi olduğunu qeyd etdi. Məhz bu cür misli görünməmiş faşizm və vandalizmin nəticəsində Ağdam “Qafqazın Xirosiması”na çevrilmişdi: “Ağdam şəhəri də, rayonun bütün kəndləri də mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı. Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir”.
Maraqlıdır ki, dünya birliyi, o cümlədən BMT, ATƏT, Avropa Şurası və s. beynəlxalq qurumlar erməni faşizmini dayandırmaq əvəzinə, işğal edilmiş ərazilərimizdə törədilən vəhşiliklərə göz yumurdular. ATƏT-in Minsk qrupu adlı bədnam təsisat və onun üç həmsədri isə, ümumiyyətlə, çalışırdılar ki, “status kvo” dəyişməsin və torpaqlarımız həmişəlik olaraq ermənilərin nəzarətində qalsın. Bu məqamı Cənab Prezident də Sarıcalı kəndindəki çıxışında vurğuladı və eyni zamanda, onu da qeyd etdi ki, ermənilərin arxasında duran xarici qüvvələr Azərbaycan dövlətinin gücünü və Ordumuzun qəhrəmanlığını nəzərə almamışdılar: “Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi, əlbir idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığıdır”.
44 günlük İkinci Qarabağ müharibəsinin bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi tarixdə əbədi qalacağını bildirən dövlət başçısı Ağdam şəhərinin və işğal altında olan bir çox kəndlərin bir güllə atılmadan azad edildiyini də xüsusi olaraq vurğuladı. Eləcə də üç il sonra həyata keçirilən antiterror əməliyyatı nəticəsində Qarabağda separatizmin kökünün tam olaraq kəsildiyini qeyd etdi: “İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da. Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi”.
Prezidentin çıxışında dövlətimizin və xalqımızın humanistliyinin xüsusi olaraq vurğulanması da olduqca önəmli məqamdır. Belə ki, 44 günlük müharibə zamanı Ağdam istiqamətində mühasirə vəziyyətinə düşən 10-15 minlik Ermənistan ordusunun kontingenti bizim Ordumuz tərəfindən tamamilə məhv ediləcəkdi. Lakin Azərbaycan humanistlik göstərdi və düşmənin hərbi qüvvələrinin döyüşsüz olaraq ərazilərimizi tərk etməsinə imkan yaratdı. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, ermənilərdən fərqli olaraq Azərbaycan Ordusu mülki şəxslərə, körpə və yaşlı insanlara, qadınlara, əsirlərə, mühasirəyə düşənlərə qarşı qəddarlıq etmir, işgəncələrə yol vermir. Bəli, biz qisasımızı ancaq döyüş meydanlarında alırıq: “Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq”.
Qisasımızı döyüş meydanında almağımızın nəticəsi olaraq bu gün Ağdam şəhəri yenidən qurulur və bu şəhər yaxın gələcəkdə ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək. Həmçinin, kəndlər də sürətlə bərpa olunur. Keçmiş məcburi köçkünlər yenidən öz doğma yurdlarına geri dönürlər. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Sarıcalı kəndi Ağdam rayonunun bərpa edilmiş birinci kəndidir. Hər cür yaşayış şəraiti yaradılan bu kənd ötən gün keçmiş köçkünlərin sərəncamına verildi. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Eləcə də bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub. Azad edilmiş ərazilərimizə gerçəkləşdirilən Böyük Qayıdışın hər yeni mərhələsi şəhidlərimizin ruhunu şad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qalib Azərbaycanımızın gələcək günləri xeyirli-uğurlu olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.