ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının (USCIRF) dərc etdiyi illik qlobal hesabatında Azərbaycana qarşı növbəti dəfə qərəzli münasibət sərgiləməsi həqiqətən də dərin təəssüf hissi doğurur. Hesabatın mətni ilə tanış olarkən onun məzmunundan təkcə Azərbaycan əleyhinə fəaliyyətləri ilə məşhur olan Ümumerməni Xeyriyyə İttifaqı və “Araqats” fondu kimi erməni lobbi təşkilatlarının dəst-xətti deyil, artıq tarixin arxivinə göndərilmiş USAID kimi toksik təşkilatın, fəaliyyəti dayandırılmış “Amerikanın səsi” radiosunun, “Azadlıq” radiosunun, habelə “Freedom House”, “Human Rights Watch” kimi ənənəvi anti-Azərbaycan mövqeli qurumların da ermənipərəst yanaşma tərzi açıq-aşkar hiss olunur. Üslub eyni üslub, hədəf də həminki hədəfdir.
Təsadüfi deyil ki, hesabat hazırlanarkən məhz “Freedom House” təşkilatının rəyi əsas götürülüb. “Freedom House”un erməni lobbisinin əlində alət olduğunu hamımız yaxşı bilirik. Bu qurumun zaman-zaman ölkəmizin əleyhinə dezinformasiyalar yaydığı da məlumdur. Ümumiyyətlə, yuxarıda adlarını qeyd etdiyim qurum və KİV-in hamısı bu yaxınlarda siyasi səhnəni tərk etmiş Bayden-Blinken administrasiyasının havadarlıq etdiyi solçu, liberal-demokrat, qlobalist dairələrin kurasiya etdiyi geosiyasi təzyiq və təxribat vasitələridir. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən, lakin sözdə “müstəqil” hesab olunan Beynəlxalq Din Azadlığı üzrə Komissiya (USCIRF) da onların cərgəsinə daxildir.
Bayden və ondan əvvəlki Demokratlar Partiyasından olan prezidentlər məhz bu qurumun hazırladığı təxribat xarakterli hesabatlar vasitəsilə bu və ya digər ölkənin daxili işlərinə müdaxilə etməyə çalışırdılar. USCIRF həmçinin öz hesabatlarında bizim ölkəmizə qarşı da daim qərəzli mövqedən çıxış edib. Biz bu qurumun hesabatlarında indiyə qədər Azərbaycanla bağlı bir dəfə də olsun obyektiv, ədalətli rəyə rast gəlməmişik. USCIRF 30 il ərzində işğal altında qalmış ərazilərimizdə Ermənistanın dini abidələrimizə qarşı yol verdiyi vandalizm haqqında, yüzlərlə məscid və ziyarətgahların, qəbristanlıqların erməni işğalçıları tərəfindən dağıdılması, talan edilməsi barədə bir dəfə də olsun bəyanat verməyib. Bir sözlə, ABŞ-ın Dini Azadlıq Komissiyası Cənubi Qafqazın dini reallıqlarına hər zaman “erməni eynəyi”ndən baxıb.
USCIRF-in sözügedən hesabatında Azərbaycanın dini azadlıqların təmin olunması baxımından xüsusi narahatlıq doğuran dövlətlər siyahısına daxil edilməsi, Ermənistanın isə din azadlığını tamamilə təmin edən ölkə kimi təqdim edilməsi, ümumiyyətlə, absurddur. Bu da onu göstərir ki, həmin hesabatı hazırlayan USCIRF-in əməkdaşları heç vaxt Ermənistanda və Azərbaycanda olmayıblar. Onlar hətta Ermənistanın monoetnik ölkə olması faktından belə xəbərsizdirlər. Ermənistanda ermənilərdən başqa heç bir kənar dini-etnik icma yaşamırsa, bu ölkədə “dini azadlığın tamamilə təmin edilməsi” nəyin əsasında müəyyən olunur, hansı meyarla ölçülür? USCIRF-in dırnaqarası “ekspert”ləri çətin ki, bu sualı cavablandıra bilsinlər.
Azərbaycanda tarixən multikulturalizm ənənlərinin mövcudluğundan, ölkəmizdə sinaqoqların, kilsələrin, məbədlərin məscidlərlə bir arada fəaliyyət göstərməsindən, bütün dinlərin və icmaların nümayəndələri üçün tolerant mühitin yaradılmasından xəbərsiz olan və ya bütün bunları qəsdən görməzdən gələn USCIRF-in “ekspert”lərindən ölkəmizə qarşı obyektiv münasibət gözləmək mənasızdır. USCIRF din azadlığı komissiyası yox, dini həqiqətlərə göz yuman təxribatçı qurumdur.
Şərhimin əvvəlində adlarını qeyd etdiyim qurumlar kimi qlobalistlərin törtöküntüsü olan USCIRF-in də bağlanmasının vaxtı gəlib çatıb. Donald Tramp administrasiyasının və İlon Maskın rəhbərlik etdiyi DOGE-nin günün birində bu qurumun da fəaliyyətini təftiş etməyə başladığını eşitsək, buna əsla təəccüblənmərik. Dünyada dini azadlıqların genişlənməsi ilə deyil, Azərbaycana və bir sıra digər ölkələrə böhtan atmaqla məşğul olan USCIRF kimi destruktiv qurumların fəaliyyətinin ABŞ dövlətinə heç bir faydası yoxdur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.