Aİ-nin Ermənistandakı “mülki” missiyası bölgədə sülh yaratmaqla yox, casusluq və təxribatla məşğuldur
Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul etdi. Azərbaycan hökuməti isə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini 2025-ci il martın 19-da səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda yerləşən katibliyinə rəsmi şəkildə təqdim edib. Bununla da Azərbaycan D-8 Təşkilatına tamhüquqlu üzv oldu. Gördüyümüz kimi hər iki Cənubi Qafqaz ölkəsi yeni dünya düzəninin formalaşması kontekstində qlobal iqtisadi və siyasi inteqrasiyaya xüsusi önəm verir. Və bu proses paralel gedir. Ermənistan hakimiyyəti Azərbaycanın beynəlxalq dəstəyinin getdikcə daha da artmasına paralel olaraq Avropa İttifaqı ilə yaxınlaşmanı sürətləndirməyə çalışır.
Rəsmi İrəvan Aİ ilə inteqrasiyaya “sehirli çubuq” və ya “xilas kəməri” kimi baxır. Daha doğrusu, əli hər yerdən üzülən, həm Rusiya ilə münasibətləri soyuyan və İrandan dəstəyin azaldığını hiss edən, həm də ABŞ-a bel bağlamağın perspektiv olduğunu başa düşən Ermənistan iqtidarı indi bütün ümidlərini Avropa İttifaqına və xüsusən də Fransaya bağlayıb. Nikol Paşinyan Brüssel və Parisə son ümid yeri kimi baxır. O, hesab edir və nədənsə, dərin ümid bəsləyir ki, Aİ və Fransa Ermənistanın xilası üçün əllərindən gələni edəcək. Ancaq Avropa İttifaqının və Fransanın planları isə tam fərqlidir. Onların Ermənistana, necə deyərlər, inkişaf inyeksiyası vurmaq planları yoxdur.
Cənubi Qafqazda qalıcı sülhün bərqərar olması, sabitliyin və tərəqqinin təmin edilməsi Avropanın siyasi elitasının planlarına daxil deyil. Əksinə, hazırda Brüssel və Parisin əsas planlarından biri məhz Ermənistan-Azərbaycan normallaşma prosesinə mümkün olduğu qədər maneçilik törətməkdir. Onlar regiondakı proseslərə müdaxilə etmək və Azərbaycanla Türkiyənin birgə hədəflərinə mane olmaq üçün Ermənistandan alət kimi istifadə etməyi bundan sonra da davam etdirməyi düşünürlər. Bununçün də Ermənistanın silahlandırılmasını və revanşizmin körüklənməsini davam etdirirlər.
Avropa İttifaqı Ermənistanın Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmasını istəmir. Aİ-nin Ermənistandakı “mülki” missiyası da bölgədə sülh yaratmaqla yox, casusluq və təxribatla məşğuldur. Başqa sözlə desək, bu gün Avropa İttifaqı Cənubi Qafqazda sülh mələyi yox, şeytan obrazında çıxış edir. Ona görə də Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması istiqamətində atdığı addımlar regionda gərginliyi azaltmaq əvəzinə, daha da artıracaq. Paşinyan isə illüziyalarla yaşamağı çox sevir. Ancaq bu illüziyalar bir gün Ermənistana baha başa gələcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.