Ötən gün Urmiya şəhərində keçirilən etiraz aksiyaları yerli əhalinin – Güney Azərbaycan türklərinin Urmiyanın tarixi və mədəni kimliyinə qarşı yönəlmiş hər hansı dəyişikliyi qəbul etmədiklərini və bu məsələdə İran hökumətinin siyasətinə qarşı çıxmalarını açıq şəkildə nümayiş etdirdi. Aksiya iştirakçılarının “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Urmu Kürdüstan olmaz, bu torpaqdan pay olmaz!” şüarlarını səsləndirmələri və Səttarxanın portretini ucaltmaları molla rejiminə ciddi mesaj kimi dəyərləndirilməlidir. Bu, molla rejiminin yürütdüyü milli ayrı-seçkilik siyasətinin Güney azərbaycanlılar tərəfindən əsla qəbul edilməyəcəyini göstərir.
Fars-molla rejimi bu aksiyanın verdiyi mesajlardan ciddi nəticə çıxarmalı və azərbaycanlıları sıxışdırmaq, diskriminasiyaya məruz qoymaq, haqqlarını qəsb etmək siyasətindən əl çəkməlidir. Rejim bu gün artıq gizlədə bilməyəcəyi bir həqiqətlə üzləşib – Güney Azərbaycan əhalisinin milli ruhu diridir və onlar qəsb edilmiş haqlarını geri almaq üçün mübarizəni davam etdirəcəklər. Dünənki aksiya güneyli soydaşlarımızın milli mücadilə tarixində yeni bir səhifənin başlanğıcı oldu. Ana dilində təhsil hüququndan məhrum edilən, milli kimliyi panfarsçılar tərəfindən daim aşağılanan, mədəni haqqları məhdudlaşdırılan, torpaqları ələ keçirilən güneylilər (xüsusən də Urmiya türkləri) molla rejiminin illərlə davam edən asimmilyasiya, zülm və haqsızlığı ilə barışmayacağını nümayiş etdirdi.
Urmu camaatının Qərbin və İran rejiminin dəstəklədiyi terror təşkilatlarına və havadarlarına küçələrə çıxmaqla etiraz etməsi güneyli soydaşlarımızın mollaların haqsızlıqlarına son qoymaq əzmindən xəbər verir. Son aksiya urmiyalıların simasında bütün güneylilərin oyaq olduğunu təsdiqlədi. Güney Azərbaycan əhalisinin bu cür birlik və mübarizlik nümayiş etdirməsi bəlkə də molla rejimi üçün gözlənilməz oldu. Ancaq mollalar artıq başa düşdülər ki, Azərbaycan türkləri oyaqdır və bu xalqın haqqlarını qəsb etmək rejimin sonunu gətirə bilər.
Güneylilər birlik və həmrəylik yolunu axıra qədər davam etdirməlidirlər. Çünki molla rejiminin ədalətsiz siyasətini dayandırmağın başqa yolu yoxdur. Güneyli soydaşlarımız ya müstəqil dövlət qurmalı, yadaki Pəhləvilərin və molla rejiminin 100 illik despotizminə son qoyub İranı yenidən Qacar dövlətinə çevirməlidirlər. Fars şovinizminin əzici siyasətinin davam etməsinə yol vermək olmaz. Güneyli soydaşlarımızın öz talelərini dəyişmələri üçün tarixi şans yaranıb.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.