AHK sədrindən bayram təbriki

Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AHK mətbuat xidməti bildirir ki, təbrikdə deyilir:

“Əziz soydaşlar!

Sizi ən ulu bayramlarımızdan biri olan Novruz bayramı (Yeni gün) münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə böyük uğurlar arzulayıram.

Novruz bayramı təbiətin oyanış fəsli olan yazın gəlişinin müjdəçisidir. Budur, elimizə, obamıza yenə barlı-bərəkətli yaz gəlir. Hər tərəfdə baharın xoş ətri, xoş nəfəsi duyulur. Ulu əcdadlarımızın “Ergenekon” adlandırdığı Novruz yeni gün, yenilik deməkdir. Bu bayramın gəlişi ilə yer üzündəki bütün canlılar oyanır, təzələnir və yeni dönəmə qədəm qoyur. İnsanlarımız bu bayramın gəlişindən güc alaraq tükənməz enerji ilə arzularını gerçəkləşdirməyə və daha böyük ruh yüksəkliyi ilə işlərini davam etdirməyə çalışırlar.

İndi ölkəmizin dörd bir yanında Novruz tonqalları qalanır, bayram şölənləri təşkil olunur, gənclərimiz Novruz yallısının həmrəylik ruhunu nümayiş etdirirlər. İşğaldan azad edilmiş torpaqlarımız da Novruz sevincinə bələnib. Əvvəlki illərdən fərqli olaraq son dörd ildə daha heç kim “Arzum budur ki, işğal olunmuş torpaqlarımız tezliklə geri qaytarılsın, gələn il Novruz bayramını Şuşa, Xankəndi, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda qeyd edək” demir. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza ataraq Qarabağ həsrətimizə, Şərqi Zəngəzur nisgilimizə həmişəlik son qoyub. İndi böyük qürur hissilə deyirik ki, Qarabağımızın da Novruzu gəlib. Artıq dörd ildir ki, Prezident İlham Əliyev qalib Sərkərdə kimi işğaldan azad edilmiş torpaqlarımızda Novruz tonqallarını alovlandırır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Tərtərin Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində bayram tonqalı dövlətimizin başçısı tərəfindən qalanıb. Bu il isə bu möhtəşəm bayram estafetinə Həsənriz kəndi də qoşuldu. Prezident İlham Əliyev martın 18-də Ağdərənin Həsənriz kəndində Novruz tonqalını yandırdı. Bu tonqallar Qələbə tonqallarımızdır!

Bu gün Vətənimizin hər yerində böyük quruculuq işləri gedir, iqtisadi inkişaf layihələri həyata keçirilir. İndi hamımızın əsas məqsədimiz qalib Azərbaycanımızı daha da güclü görməkdir. Bir millətin, bir dövlətin gücüheç şübhəsiz ki, həm də onun öz milli-mənəvi dəyərlərinə sahib çıxmağında, tarixdən miras qalmış örf və ənənələrini yaşatmağındadır. Novruz bayramı da bizim ulu tariximizin müəzzəm bir parçasıdır, gen yaddaşımızdır. Xalqımız bu bayramın gözəlliklərini, özəlliklərini əsrlərdən nəsillərə ötürərək bu günədək qoruyub saxlayıb. Və bu gün bu bayram bizim hamımızı birləşdirən ortaq bir dəyərə çevrilib. Bəli, Novruz bayramı birlik, mehribanlıq, qardaşlıq, həmrəylik bayramıdır. Milli birliyimizin, həmrəyliyimizin rəmzinə çevrilmiş bu bayram bütün dünya azərbaycanlılarını bir araya gətirir, bir tonqalın işığına toplayır, eyni havalar, eyni dəyərlər ətrafında birləşdirir, soydaşlarımızın milli kökə bağlılıq hisslərini daha da gücləndirir. “Biz birlikdə güclüyük” həqiqəti bayram günlərində bir daha öz təsdiqini tapır.

Bu əziz bayram günündə bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, şəhid övladlarına və qazilərimizə ən xoş arzularımı çatdırıram. Qələbəmizin müəllifi olan Prezident İlham Əliyevi də bayram münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Novruz bayramı öz gəlişi ilə ölkəmizə sülh, əmin-amanlıq, soydaşlarımıza isə bol uğur və xoşbəxtlik gətirsin.

Bayramınız mübarək olsun, əziz həmvətənlər!

Hörmətlə:
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”

Comments are closed.

Tərcümə »