Rəsmi İrəvanın əsir və itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirməkdən başqa bir yolu yoxdur
Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlının itkin düşməsi danılmaz faktdır və bu fakt Ermənistan dövlətinin işğalçı, faşist, irqçi mahiyyətinin ifşa olunmasında əsaslı istinad nöqtəmizdir. Onlar işğalçı siyasətin qurbanlarına çevriliblər. İtkin düşən soydaşlarımızın arasında hərbçilər də, mülki şəxslər də var. İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatı zamanı məlumat verilib ki, itkin düşən şəxslərdən 3 209-u hərbçi, 774-ü mülki şəxsdir. Onların 3 698-i kişi, 285 nəfəri isə qadındır.
Sözügedən hesabatdan da bir daha aydın olur ki, Ermənistan münaqişə dövründə beynəlxalq hüququn bütün normalarını pozub. Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Mülki şəxslər girov götürülüb, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilib, işgəncə verilib. Onlar heç bir məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilib və xüsusi amansızlıqla, əl-ayaqları bağlı şəkildə qətlə yetirilib. Bu insanların bir çoxu kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan basdırılıb, habelə məzar yerləri gizlədilib və qəsdən məhv edilib.
Bu şəxslərin bəzilərinin kimliyini azad olunmuş ərazilərdə tapılan kütləvi məzarlıqlarda üzə çıxarılan insan sümüklərinin DNT analizi nəticəsində müəyyən etmək mümkün olub. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra (2021-ci ilin fevral ayından etibarən) Qarabağ və Şərqi Zəngəzurda) aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb. Bu məzarlıqlardan ümumilikdə 187 nəfərin meyit qalıqları aşkarlanaraq əlaqədar qurumlara təhvil verilib. Lakin digər şəxslərin taleyi isə naməlum olaraq qalır. Ermənistan tərəfi Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticəsində itkin düşən vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi məsələsində qeyri-humanist mövqeyini davam etdirir. Ermənistan Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.
Rəsmi Bakı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana dəfələrlə müraciət edib. Ermənistan isə bu müraciətlərə qeyri-konstruktiv, yayındırıcı münasibət göstərməyə davam edir. Ermənistan tərəfi əsirlər və itkin düşmüş şəxslər barədə məlumatları Azərbaycana vermək istəmir, müxtəlif bəhanələrlə bundan yayınır. Əfsuslar olsun ki, biz bu məsələyə dair beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistana qarşı hər hansı bir təzyiq görmürük. Dünya birliyi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyinə göz yumur. Həmçinin, Beynəlxalq Qırmızı Xaç Komitəsi də bu istiqamətdə heç bir addım atmır.
Sözsüz ki, qarşı tərəfin kütləvi məzar yerləri barədə məlumat verməkdən niyə boyun qaçırmasının və pozuculuq davranışı sərgiləməsinin səbəbləri məlumdur. Ermənistan rəhbərliyi Azərbaycan vətəndaşlarının nəməlum taleyinə aydınlıq gətirilməsinin ölkənin beynəlxalq imicinə ağır zərbə vuracağından qorxur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın neçəsinin qətlə yetirildiyini və neçə nəfərin hələ də əsir, girov kimi saxlanıldığını etiraf etmək doğrudan da Ermənistanın faşist mahiyyətini üzə çıxara bilər. Bu isə öz növbəsində Ermənistanın indiyə qədər “sivil və sülhsevər” ölkə kimi tanınmaq istiqamətində göstərdiyi səyləri boşa çıxarmış olar. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan da bu məsələdə öz cinayətkar sələflərinin yolunu davam etdirir.
Ancaq Prezident İlham Əliyevin davamlı və qətiyyətli siyasəti bu məsələdə də Ermənistanı konstruktiv addım atmağa məcbur edəcək. Əsir və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsi birbaşa dövlət başçısının nəzarətindədir. Cənab Prezident bu məsələyə kifayət qədər həssas yanaşır. Əsir və itkin düşmüş şəxslərin axtarışı üzrə zəruri tədbirlərin intensiv həyata keçirilməsi üçün dövlət başçısı tərəfindən bütün lazımi göstərişlər verilib. Azərbaycanın bu istiqamətdə səylərini davam etdirməsi Ermənistanı daim pressinq vəziyyətində saxlayır. Rəsmi İrəvanın əsir və itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirməkdən başqa bir yolu yoxdur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.