Azərbaycanda uşaqlar və böyüklər arasında yayılan virus nədir?

Azərbaycanda son zamanlar əsasən uşaqlar arasında, ishal, qusma və qızdırma ilə müşayiət olunan virus yayılıb.

Bu simptomlarla bağlı xəstəxanalara üz tutanların sayı az deyil. Bəzi xəstəxanalarda bu cür xəstələrə adətən qabaqlayıcı və immun gücləndirən tədbirlər görülür.

Sözügedən xəstəliklə bağlı Səhiyyə Nazirliyinə müraciət ünvanladıq. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, soyuq aylarda hərarətin yüksəlməsi, kataral əlamətlər, ürəkbulanma, qusma, qarında sancışəkilli ağrılar, ishal kimi əlamətlərlə keçən xəstəliklər adətən virus mənşəli olur:

“Bu cür simptomatika rotovirus, adenovirus və digər infeksiyaların klinik seyrinə xasdır. Praktikada bu viruslara ən çox uşaqların, eləcə də böyüklərin yoluxaraq xəstələnməsinə rast gəlinir. Bunlar yeni virus olmayıb, il boyu rast gəlinir, lakin soyuq aylarda bəzən daha da arta bilər. Xəstəliyin gedişi əsasən yüngül olur, xəstələr qısa müddət ərzində sağalırlar. Müalicəsi ancaq simptomatikdir. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması üçün hava-damcı, təmas, bağırsaq infeksiyalarına aid edilən profilaktik qaydalara əhali tərəfindən əməl olunmalıdır”.

Comments are closed.

Tərcümə »