Dünya ictimaiyyəti Trampla Vensin Zelenskini media qarşısında açıq şəkildə mühakimə etmək cəhdlərini qınayır

Ağ Evin Oval kabinetində rəsmi görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens arasında yaşanan sözlü mübahisə və açıq qarşıdurma beynəlxalq hüquq, dövlət protokolu və siyasi-diplomatik mədəniyyət dövrünün artıq bitdiyini göstərir. Və bu dövrü bitirməyə çalışanlar da elə ilk növbədə beynəlxalq hüququn qorunmasına və icrasına məsuliyyət daşıyan böyük dövlətlərin özləridir. BMT-nin Təhlükəsizlik Şurasının üzvlərindən biri (Rusiya) suveren dövlət olan Ukraynanın ərazisini işğal etməyə çalışır, digər üzvü (ABŞ) isə Ukrayna rəhbərliyini bu işğalın nəticələri ilə barışdırmağa və onu qiymətli metallara dair soyğunçu sazişi imzalamağa məcbur etməyə səy göstərir. Bu, artıq beynəlxalq hüquq yox, beynəlxalq dərəbəylik, beynəlxalq quldurluqdur. Onlar ədalət və beynəlxalq hüquq anlayışını kobud surətdə təhrif etməklə, tapdalamaqla məşğul olurlar.

Bu ölkələr, o cümlədən Fransa vaxtilə “Minsk qrupu” adı altında, “həmsədr” statusu ilə Azərbaycana qarşı da eyni ədalətsizliyi nümayiş etdiriblər. Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasında Ermənistanla yanaşı ABŞ, Rusiya və Fransa da günahkardır. Ona görə də bu gün Trampın Putin Rusiyasının maraqlarından çıxış edərək Ukraynanı təslimçi “sülh”ə məcbur etmək cəhdləri bizə yaxşı tanışdır. Bu quldur “həmsədr”lər uzun illər boyu bizi də torpaqlarımızın işğalı faktı ilə barışdırmağa, lənətə gəlmiş “status-kvo”nu qoruyub saxlamağa çalışıblar. Lakin Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst həmsədrlərin məkrli planlarını pozmağı bacardı, Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etməyə nail oldu.

Ümid edək ki, Ukrayna da bunu bacaracaq. Bu mənada öz xalqının, öz ölkəsinin haqlı mövqeyi uğrunda döyüşən Zelenskinin Trampın cavabını yerindəcə verməsi təqdirə layiqdir. Ölkəsinin ərazi bütövlüyü uğrunda üç ildir ki, Putin Rusiyasına qarşı qətiyyətlə dirəniş göstərən Zelenskinin, indi Rusiyanın vəkili kimi çıxış edən Trampın qarşısında zəiflik göstərib geri çəkiləcəyi mümkünsüz idi. Tramp və Vens birləşib onu linç etməyə, alçaltmağa, susdurmağa çalışsalar da, lakin məqsədlərinə nail ola bilmədilər və əksinə, özləri xoşagəlməz duruma düşdülər. İndi bütün dünya ictimaiyyəti Trampla Vensin Zelenskini media qarşısında açıq şəkildə mühakimə etmək cəhdlərini qınayır. Bəli, böyük dövlətlərin liderlərinin öz ərazi bütövlüyü uğrunda, suverenliyi uğrunda mübarizə aparan ölkələrə qarşı bu cür ədalətsiz mövqeyi yolverilməzdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »