Üzeyir Şəfiyev: “Boşanmaların artımı cəmiyyətin düşüncə tərzindəki dəyişikliklə bağlıdır”
Azərbaycanda boşanma ilə bağlı son statistika cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Rəqəmlər nikah institutu ətrafında yaranan problemlərin düşündüyümüzdən daha ciddi olduğunu göstərir. Rəsmi statistikaya görə, 5 ilə qədər evli olub boşananların sayı 5814, 5-9 il evli olanlar arasında boşanma sayı 5805, 10-19 il evli olub boşanan cütlüklərin sayı isə 7735-dir. Göründüyü kimi, boşanma yalnız gənc ailələrin problemi deyil – uzun illər birgə yaşayan cütlüklər arasında da ayrılıqların artması narahatedici tendensiyadır.
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan sosioloq Asif Bayramov bu vəziyyəti ailə institutunun zəifləməsi ilə izah edir. O bildirir ki, ailə dəyərlərinin aşınması və nikahın davamlılığına olan inamın azalması cəmiyyətdə getdikcə dərinləşən sosial problemdir. “Bütün bunlar Qərbin strateji beyin mərkəzlərinin Azərbaycan cəmiyyətinə ötürdüyü davranış modelləridir. Bunun nəticəsində ailə institutu çat verib, aşınıb, dağılıb və artıq məhv olmaq üzrədir”, – deyə sosioloq vurğulayıb.
Onun sözlərinə görə, ailə dağılırsa, bunun əsas səbəbi ər-arvad və ailənin digər üzvlərinin artıq bu institutu qorumağa maraq göstərməməsidir. “Əgər ailənin əsas dayaqları olan ər və arvad münasibətlərini qorumaq üçün səy göstərmirsə, bu, cəmiyyətdə nikaha olan inamın sarsıldığını göstərir,” – deyə Bayramov qeyd edib.
Bəs bütün məsuliyyəti xarici təsirlərin üzərinə atmaq nə dərəcədə doğrudur? Səbəblər yalnız bundan ibarətdirmi?
Bir çox mütəxəssislər hesab edir ki, boşanmaların artmasında həm qlobal, həm də lokal faktorlar mühüm rol oynayır. Ailə institutu qlobal səviyyədə dəyişikliklərə uğrayır və bu, təkcə Azərbaycana məxsus deyil. Sosial şəbəkələrin təsiri, fərdi azadlıqların ön plana çıxması, qadınların iqtisadi müstəqilliyə sahib olması kimi amillər ailə münasibətlərinə yeni çalarlar gətirir.
Lakin daxili amillər də gözardı edilə bilməz. Azərbaycanda boşanmaların artmasına təsir edən əsas səbəb kimi isə aşağıdakılar qeyd olunur:
İqtisadi çətinliklər: Maddi problemlər ailədaxili mübahisələri artırır. Bir çox hallarda ailənin əsas təminatçısı olan kişilər işsizliklə üzləşir və bu da ailədaxili gərginliklərə səbəb olur.
Kommunikasiya problemi: Cütlüklər arasında düzgün ünsiyyətin olmaması problemləri daha da dərinləşdirir. Nəticədə anlaşılmazlıqlar böyüyərək ayrılığa aparır.
Mentalitetdə dəyişiklik: Əvvəllər boşanma tabuya çevrilsə də, bu gün ailə daxilində xoşbəxtlik tapmayan insanlar ayrılığı bir çıxış yolu kimi qəbul edirlər.
Zorakılıq və xəyanət: Ailə daxilində psixoloji və fiziki zorakılıq halları, eləcə də xəyanət faktları boşanmalara səbəb olan əsas amillərdəndir.
Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a açıqlamasında boşanmaların artmasının səbəblərindən danışıb: “Əsas məsələ odur ki, boşanmaların statistikasında artım, eləcə də boşanmaq üçün müraciət edənlərin yaş qruplarında baş verən dəyişikliklər bütövlükdə cəmiyyətin düşüncəsindəki transformasiya ilə bağlıdır. Bildiyimiz kimi, biz ənənəvi və kişi mərkəzli cəmiyyət olmuşuq. Belə cəmiyyətlərdə boşanmalara həmişə mənfi yanaşılıb və ictimai qınaq olduqca güclü olub. Ailə institutu üzərində cəmiyyətin nəzarəti var idi və boşanmalar bir ailə dramı, ailə faciəsi kimi qəbul edilirdi – istər sovet dövründə, istərsə də ondan əvvəl.
Ailə institutu daha çox kollektiv təsəvvürlər və ictimai qınaq əsasında tənzimlənirdi. İnsanlar boşanmağa cəsarət etmirdilər, çünki cəmiyyətin mənfi reaksiyası, qınağı ilə üzləşirdilər. Boşanmış kişi və qadınlara pis baxılır, adlar qoyulurdu. Bu cür sosial stiqmalardan qorxaraq insanlar, hətta ailə böhranı yaşasalar da, boşanmağa meyl etmirdilər, səbr və dözüm nümayiş etdirirdilər. Bəzən boşanmaqdan çəkinən cütlüklər faktiki olaraq birlikdə yaşasalar da, ailə münasibətləri çoxdan bitmiş olurdu.
Bu vəziyyət Azərbaycanın müstəqillik qazandığı dövrə qədər davam etdi. Müstəqillikdən sonra təkcə fiziki sərhədlər deyil, mənəvi sərhədlər də aradan qalxdı. Azərbaycan dünyaya açıldı və müxtəlif mədəniyyətlərin, serialların, filmlərin təsiri altına düşdü. İnsanlar Qərbdə və Avropada boşanmalara ailə faciəsi kimi deyil, daha adi bir proses kimi yanaşıldığını gördülər. Bu da düşüncə tərzində ciddi dəyişikliklərə yol açdı.
Digər tərəfdən, Qərbdəki bəzi güc mərkəzləri ənənəvi cəmiyyətlərin əsas dayağı olan ailə institutunu sarsıtmaq üçün müxtəlif üsullara əl atırlar. Onlar saytlardan, televiziya proqramlarından, serial və filmlərdən istifadə edərək ailədaxili problemləri ictimailəşdirir, ailə münaqişələrini açıq-aşkar müzakirə obyektinə çevirirlər. Televiziya kanallarında ailə axili münaqişələrin efirə daşınması bir tendensiyaya çevrilib. Lakin bu cür verilişlər problemləri həll etmək əvəzinə, daha da alovlandırır və münaqişələrin yayılmasına səbəb olur.
Bəli, Qərb güc mərkəzləri Azərbaycan kimi ənənəvi cəmiyyətlərin ailə institutlarını zəiflətmək üçün bu cür üsullara əl atır”.
Sosioloq hesab edir ki, aqressiv feminizm və gender bərabərliyi adı altında qadın və kişi arasında süni qarşıdurma yaradılır: “Məqsəd isə ailə institutunu sarsıtmaqdır. Təəssüf ki, bu proses artıq müəyyən nəticələrini verməyə başlayıb və boşanmaların statistikasında özünü göstərir.
Bu gün boşanmalarda təkcə gənclər deyil, orta yaşlı insanlar da üstünlük təşkil edir. Düşüncə tərzindəki transformasiya onların da rahat şəkildə boşanma qərarı verməsinə səbəb olur. Tanınmış şəxslərin efirlərdə boşanma mövzusunu açıq şəkildə müzakirə etməsi, boşanmış insanların dəbdəbəli həyatlarını nümayiş etdirməsi, üstəlik, boşanma və subaylıq partilərini trendə çevirmək cəhdləri də bu prosesə təkan verir.
Əgər biz cəmiyyətimizin genofondunu qorumaq istəyiriksə, ailə institutunu gücləndirməliyik. Bu məqsədlə Azərbaycanda müvafiq qurumlar çərçivəsində və ya ayrıca olaraq münaqişəli ailələrin qeydiyyatı aparılmalı, sosial işçilər və psixoloqlar tərəfindən müdaxilə proqramları hazırlanmalıdır. Məqsəd – problem dərinləşmədən, boşanma həddinə çatmadan ailədaxili münaqişələri tənzimləməkdir.
Boşanma səbəblərinə baxdıqda görürük ki, çox vaxt səthi və xırda problemlər üzündən ailələr dağılıb. Halbuki sosial işçilər və psixoloqlar bu problemlərin qarşısını asanlıqla ala bilərlər. Keçmişdə bu rol cəmiyyətin ağsaqqal və ağbirçəklərinə məxsus idi, amma indi cəmiyyət artıq öz-özünü tənzimləmək gücünü itirib. Buna görə də peşəkar müdaxilə qaçılmazdır.
Bu baxımdan, ölkə başçımızın Mediasiya Şurasının yaradılması ilə bağlı atdığı addım təqdirəlayiqdir. Hesab edirəm ki, Mediasiya Şurasının səlahiyyətləri artırılmalıdır ki, boşanmaların qarşısını almaq üçün əlavə mexanizmlər tətbiq edə bilsinlər”.
Comments are closed.