Suverenliyin bərpası kontekstində siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması məsələsini siyasi qüvvələrimiz üçün “yol xəritəsi” də hesab etmək olar
Həmrəylik və siyasi dialoq mühitinin təşviq olunması həm cəmiyyət, həm də siyasi qüvvələr üçün hər zaman aktuallığını qoruyan məsələdir. Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi də bu prosesin bir tərkib hissəsidir. Bu baxımdan, siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən fevralın 25-də “Hilton Baku” hotelində dəyirmi masanın təşkil edilməsini Azərbaycan Həmrəylik Komitəsi olaraq yüksək qiymətləndiririk. Mahiyyət etibarilə “Konstitusiya və Suverenlik İli”nin məramı ilə uyğunluq təşkil edən “Suverenliyin bərpası – siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunun dəyirmi masa formatında müzakirəyə çıxarılması 44 günlük İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının məntiqi nəticəsi olaraq ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqları və yeni münasibətləri siyasi müstəvidə dəyərləndirmək baxımından olduqca əhəmiyyətlidir.
Dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirdi. Həmçinin, yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə etdi.
Sözügedən dəyirmi masada Azərbaycan Həmrəylik Komitəsini təmsil edən bir şəxs kimi hesab edirəm ki, suverenliyimizin bərpasından sonrakı dönəmdə siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması məsələsinə həm də milli birlik və həmrəylik kontekstindən yanaşmağımız zəruridir. Çünki suverenliyimizin bərpası vətəndaşlarla yanaşı, siyasi qüvvələrin də məsuliyyət hissini ikiqat artırır. Qalib ölkənin siyasi qüvvələrinin fəaliyyətində əsas prioritetlərdən biri də məhz suverenliyin möhkəmləndirilməsinə bu və ya digər şəkildə töhfə vermək olmalıdır. Qalib ölkənin siyasi qüvvələrinin fəaliyyəti məğlub ölkənin ictimai-siyasi təşkilatlarının davranış tərzindən ilk növbədə məhz bununla fərqlənməlidir.
Müqayisə üçün gəlin bir anlığa məğlub Ermənistanın siyasi vitrininə, siyasi palitrasına nəzər yetirək. Qalib Azərbaycan ilə məğlub Ermənistanın siyasi mühitləri bir-birindən köklü şəkildə fərqlənir. Hal-hazırda Errmənistanın siyasi mühitində sözün əsl mənasında hərcmərclik, mənəvi-psixoloji ruh düşkünlüyü, ümidsizlik və qarşıdurma hökm sürür. Ermənistanın siyasi qüvvələri bir-birini didib-parçalamağa hazırdır. Bu gün Ermənistanın siyasi dairələrində milli birlik, həmrəylik təşəbbüsləri demək olar ki, yox dərəcəsindədir. Bütün bunlar isə heç şübhəsiz ki, məğlub ölkənin suverenliyini də ciddi şəkildə təhdid edir.
Bu baxımdan müstəqil və suveren dövlətə sahib olmaq həqiqətən də böyük üstünlükdür, böyük avantajdır. Və bu gün biz belə bir üstünlüyə sahibik. Bu üstünlüyümüzü qoruyub saxlamaq və suverenliyimizi daha da möhkəmləndirmək isə hər birimizin üzərinə olduqca ciddi vəzifələr qoyur. Siyasi partiyalar milli birliyimizi zəiflətməyə çalışan qüvvələrin, suverenliyimizə təhdid yaradan proseslərin qarşısının alınmasında iqtidarla əməkdaşlığı davam etdirməyi daim diqqətdə saxlamalıdırlar. Suverenliyin qorunmasına dəstək vermək hər bir siyasi təşkilatın ən ümdə prioriteti olmalıdır.
Mövzunun aktuallığına bu yöndən yanaşsaq, bugünkü dəyirmi masanın ana hədəfi olan Suverenliyin bərpası kontekstində siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması məsələsini siyasi qüvvələrimiz üçün “yol xəritəsi” də hesab etmək olar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnməsi siyasi partiyalar üçün də yeni dövrün təməlini qoyub. Sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik davranışı qalıcı hal alıb. Ümummilli məsələlərdə milli birlik və həmrəylik mövqeyindən çıxış etmək ictimai-siyasi qüvvələrimiz üçün müsbət ənənəyə çevrilib.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.