Dünya birliyi erməni faşizminin “əsər”i olan Xocalı soyqırımını görməzdən gəlmək siyasətindən əl çəkməlidir
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə işğalçı Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının 33-cü ildönümü erməni faşizminin həm Cənubi Qafqaz üçün, həm də bütün insanlıq üçün ciddi təhdid mənbəyi olduğunu gündəmə gətirmək, dünyanın diqqətinə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Bu, həm də ona görə əhəmiyyətlidir ki, dünya birliyi erməni faşizminin “əsər”i olan Xocalı soyqırımını hələ də görməzdən gəlmək siyasətindən əl çəkməli, Azərbaycan xalqına qarşı, sülh və bəşəriyyət əleyhinə törədilmiş bu vəhşiliyə hüquqi və siyasi qiymət verməlidir. Faşizm vəhşilikləri harada və kimlər tərəfindən törədilməyindən asılı olmayaraq cilovlanmalı və mütləq cəzalandırılmalıdır.
Faşizmin dünyanın bu və ya digər bölgələrindəki təzahürlərinə seçim, seleksiya prinsipi ilə yanaşmaq, bəzilərini BMT xətti ilə, Beynəlxalq Məhkəmə xətti ilə cəzalanırıb, digərlərini isə görməzdən gəlmək, cəzasız qoymaq əsla olmaz! İkinci Dünya Müharibəsinə baiskar olanlar, milyonlarla insanın məhvinə səbəb olan alman faşistləri Nürnberq məhkəməsinə çıxarıldığı kimi, Xocalı soyqırımının baiskarı olan erməni faşistlərinə də eyni yanaşma tətbiq olunmalı, Xocalıya ədalət haqqı tanınmalıdır.
Ermənistan dövlətinin mahiyyətcə faşist dövlət olması əslində hamıya bəllidir və bu dövlətin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini də dünyada bir çoxları bilir. Azərbaycan öz torpaqlarını işğaldan azad etsə də, lakin 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmış Ermənistan dövləti öz faşist mahiyyətini hələ də qoruyub saxlayır. Bu faktı Azərbaycan Prezidenti İlham Əliyev də yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində dilə gətirdi.
Ermənistanın və onun havadarlarının revanşist fikirlərlə yaşadıqlarını qeyd edən Cənab Prezident Ermənistanın faşist dövlət olduğunu və onun faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğunu vurğuladı: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur”.
Ona görə də dövlətimizin başçısı sözügedən müsahibəsində haqlı olaraq erməni faşizminin məhv edilməli olduğunu bəyan etdi. Bəs, erməni faşizmini kim məhv etməli, erməni revanşistlərini kim dayandırmalıdır? Sözsüz ki, bu iş, bu missiya ilk növbədə dünya birliyinin, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Beynəlxalq Məhkəmənin üzərinə düşür. Lakin 33 il öncə Xocalı soyqırımına görə heç bir cəza tədbiri görməyən və erməni barbarlığına qarşı səssiz qalan bu qurumlar bu gün də beynəlxalq hüququn prinsiplərinə uyğun davranmağa, erməni faşizmini dayandırmağa tələsmirlər. Ona görə də İlham Əliyevin vurğuladığı kimi erməni faşizmini məhv etməyin iki yolu qalır: “Faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur. Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ – bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır”.
Bu gün Ermənistan dövlətinə rəhbərlik edən şəxslərin “demokrat”, “sülh göyərçini” obrazına bürünmələri imitasiya və manipulyasiyadan başqa bir şey deyil. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın öz sələflərindən – azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş, Xocalı soyqırımını törətmiş Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyandan mahiyyətcə heç bir fərqi yoxdur. Onlar da, bu da eyni irqçi, faşist əqidənin daşıyıcılarıdır. Ona görə də artıq yeddi ildir ki, Ermənistana rəhbərlik etməsinə baxmayaraq, Paşinyan hələ də Xocalıda soyqırım törətdiklərini etiraf etməyib, Azərbaycan xalqından üzr istəməyib.
Görünən budur ki, Ermənistan iqtidarı və müxalifəti, habelə erməni kilsəsi ultramillətçi, nasist mövqeyindən, türkəfobiyadan, azərbaycanfobiyadan könüllü olaraq əl çəkmək niyyətində deyil. Bu da bizə əsas verir ki, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması və Xocalı cinayətinin qatillərinin öz cəzalarını alması üçün müvafiq fəaliyyətlərimizi bundan sonra da davam etdirək. Bunu həm o qanlı gecədə qətliama məruz qalmış insanlarımızın və onların varislərinin haqq və hüquqlarının yerinə yetirilməsi, həm də gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımların və qırğınların qarşısının alınması zərurəti tələb edir.
Azərbaycan dövləti və Azərbaycan ordusu Xocalı soyqırımının qisasının alınması və Xocalının işğaldan azad edilməsi missiyasını şərəflə yerinə yetirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ildə isə lokal antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu. Eyni zamanda, bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklərin, o cümlədən Xocalı soyqırımının qisası alındı. Şəhidlərimizin qanı yerdə qalmadı. 26 fevral 2024-cü il tarixində Prezident İlham Əliyevin işğaldan azad olunmuş Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyması həmin faciədə dünyasını dəyişmiş soydaşlarımıza, şəhidlərimizə bütün Azərbaycan xalqının ehtiramının təzahürü idi. “Boyük Qayıdış” Proqramına uyğun olaraq xocalılıların öz doğma yurduna qayıdışının davam etməsi də Zəfərimizin və Qisasımızın təsdiqidir. Bəli, Xocalı bu gün yenidən dirçəlir və erməni faşizmi üçün göz dağına çevrilir. Beləliklə, biz Xocalı soyqırımı qurbanlarının qisasını həm döyüş meydanında aldıq, həm də mənəvi-psixoloji planda qisas almağa davam edirik.
Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində bayrağımızı ucaltması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bütün düşmənlərimizə nümayiş etdirdi. Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayətinin baiskarlarının böyük bir qismi bu gün Bakıda məhkəmə qarşısında cavab verir. Xocalı soyqırımını törətməklə öyünən Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan kimi müharibə canilərini də Xocalının özündə ədalət məhkəməsinin qarşısına çıxarılacağı günü görəcəyimizə də əsla şübhə etmirəm.
Bizim də bir vətəndaş kimi üzərimizə düşən müqəddəs görəv odur ki, Azərbaycan xalqına qarşı törədilmiş bu amansız soyqırım aktını heç vaxt unutmayaq, qan yaddaşımızı daim oyaq tutaq, bu tarixi nəsildən-nəsilə ötürərək xalqımızın belə faciələri təkrar yaşamasına bir daha yol verməyək. Ulu Öndər Heydər Əliyev öz çıxışlarında Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmişdi. Biz bugün bu qan yaddaşını gənc nəsilə ötürməliyik ki, onlar tarixi düşmənlərimizin kimliyini yaxşı bilsinlər və hər zaman ayıq olsunlar. Çünki unutqanlıq tarixdə eyni faciələrin yenidən təkrarlanmasına səbəb olur. Biz Xocalı faciəsinin qurbanlarını və bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.