Azərbaycan-Pakistan münasibətləri tarixi qardaşlıq və birlik modelinə əsaslanır

Ənənəvi dünya düzəninin çökdüyü və geosiyasi hərcmərcliyin gün-gündən artdığı hazırkı həssas məqamda qardaş ölkələrin bir-birilə çoxşaxəli əlaqələri daha da sıxlaşdırması və müasir çağırışlara daim hazır olmaları günümüzün ən aktual məsələsinə çevrilib. Bu kontekstdə Azərbaycan-Pakistan əlaqələrinin davamlı inkişafı və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tərəflərin hər biri üçün olduqca mühüm nəticədir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də Azərbaycana dövlət səfərinə gəlməsi də ilk növbədə strateji tərəfdaşlıq kontekstində nəzərdən keçirilməlidir.

Səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif həm təkbətək, həm də geniş tərkibdə görüş keçiriblər. Eyni zamanda, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. Daha sonra isə, iki ölkə liderləri mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki lider öz bəyanatlarında Azərbaycan ilə Pakistan arasında münasibətlərin uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını, xalqlarımızın tarix boyu bir-birinə dəstək nümayiş etdirdiyini, eləcə də dövlətlərimizin beynəlxalq aləmdə daim ortaq maraqlardan çıxış etdiyini vurğulayıb.

Uzun illərdir ki, ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə inkişaf edərək daha da dərinləşir. Bir mühüm məqamı da qeyd etməliyik ki, Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır. Azərbaycan-Türkiyə münasibətləri kimi, Azərbaycan-Pakistan münasibətləri də tarixi qardaşlıq və birlik modelinə əsaslanır. Ortaq tarixi, mədəni və dini dəyərlərimiz ölkələrimiz arasında strateji münasibətlərin dərinləşməsi üçün etibarlı zəmin rolunu oynayır. Şahbaz Şərifin Bakıya bugünkü səfəri Pakistan-Azərbaycan münasibətlərinın qarşıdakı illərdə daha da dərinləşməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının açılmasına təkan verəcək.

Pakistanın Baş nazirinin Bakıdakı Zəfər parkını ziyarət etməsi də təqdirəlayiq addımdır. Ali qonaq Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin simvolu olan Zəfər parkına gəlməklə şəhidlərimizin əziz xatirəsinə öz ehtiramını nümayiş etdirdi. Biz də Pakistan dövlətinin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləməsini heç vaxt unutmuruq. Müharibədən sonrakı dövrdə isə Azərbaycanla Pakistan arasında hərbi və müdafiə sahəsində əməkdaşlıq daim yüksələn xətt üzrə inkişaf edir. Pakistanın güclü hərbi sənaye potensialı, aviasiya və müdafiə texnologiyaları sahəsindəki nailiyyətləri bizi sevindirir. Qardaş ölkənin uğurları Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Sıx hərbi əməkdaşlıq gücümüzü daha da artırır. Qlobal xaos dövründə qardaş ölkələrin hərbi əməkdaşlığının güclənməsi təhlükəsizlik üçün ən etibarlı zəmanətdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »