Bayramov Mişenko ilə görüşdü- FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.

XİN-dən  verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.

Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.

Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, habelə Ukrayna xalqına göndərilən humanitar yardımların yüksək qiymətləndirildiyini qeyd edib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycan Respublikası və Ukrayna Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlik edib.

 



Comments are closed.

Tərcümə »