Yeni Suriyanın qurulmasında və normal həyata dönüşün təmin edilməsində Azərbaycan qardaş Türkiyə ilə birlikdə hərəkət edəcək

13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyimizin fəaliyyətini bərpa etməsi doğrudan da müsbət ovqat yaradan hadisələrdəndir. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyən ilk ölkələrin sırasında yer alır. Səfirliyimizin fəaliyyətinin bərpa olunması heç şübhəsiz ki, Suriya ilə ölkəmiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün zəmin yaradacaq.

Suriyada uzun müddət davam edən vətəndaş müharibəsinin başa çatması Azərbaycanın da maraqlarına cavab verir və rəsmi Bakı tərəfindən təqdir olunur. Ermənipərəst Bəşər Əsəd rejiminin devrilməsi Azərbaycan-Suriya münasibətlərinin normallaşdırılması üçün yol açdı. Bu mənada Dəməşqdəki səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Beləliklə, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan-Suriya əməkdaşlığının inkişaf etdirilməsi üçün yeni imkanlar yaranacaq.

Suriyada vəziyyətin sabitləşməsi orada yaşayan soydaşlarımızla (türkmənlərlə) mədəni-humanitar əlaqələrimizin bərpası üçün də əlverişli şərait yaradır. Onlar Azərbaycana öz tarixi vətənləri kimi baxırlar. Böyük təsəvvüf şairimiz İmadəddin Nəsiminin uyuduğu Hələb şəhəri isə bizi birləşdirən mənəvi bağa çevrilib. Səfirliyimizin fəaliyyətinin bərpa olunması türkmənlərin üzləşdikləri problemlərin həllinə yardımçı olmaq baxımından da xüsusi əhəmiyyətə malikdir.

Yeni Suriyanın qurulmasında və normal həyata dönüşün təmin edilməsində Azərbaycan qardaş Türkiyə ilə birlikdə hərəkət edəcək. Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsində son dörd ildə bərpa-yenidənqurma işləri sahəsində qazandığı təcrübə Suriyanın da yenidən qurulması prosesinə mühüm töhfə verə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Suriyanın keçid dövrü rəhbəri Əhməd əş-Şəraya təbrik məktubu göndərməsi və onun Azərbaycana rəsmi səfərə dəvət olunması isə həmçinin iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə təkan verəcək. Azərbaycan-Türkiyə-Suriya üçbucağı yeni regional əməkdaşlıq vektoruna çevrilir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »