Mobil telefonlar, dezodorantlar, elektrik cihazlar xərçəngə səbəb olurmu? – Miflər və reallıqlar

Bir çoxları mobil telefonların xərçəngə səbəb ola biləcəyi barədə miflərə inanır. Lakin qorxunc xəstəlik barədə cəmiyyəti düşündürən tək məsələ bu deyil.

Gazeta.ru-nun verdiyi məlumata görə, rusiyalı onkoloq Vladislav Yevseyev bununla bağlı insanları narahat edən yanlış fikirlər və real vəziyyət barədə öz fikirlərini bölüşüb.

Onkoloqun dediklərini təqdim edirik.

Birinci mif: Xərçəng yoluxucudur

V.Yevseyevin sözlərinə görə, xərçəng yoluxucu xəstəliklərə aid deyil, o, orqanizmin hüceyrələrinin bölünməsinin pozuntusu nəticəsində yaranır. Bu prosesə müxtəlif amillər təsir göstərə bilər.

“Bəzi infeksiyalar səbəbindən onkoloji xəstəliklərin inkişaf riski artır. Məsələn, insan papilloma virusu (HPV) əksər hallarda uşaqlıq boynu xərçənginə səbəb olur. Lakin onkoloji xəstəliyin özü insandan insana keçmir. Xərçəng müəyyən infeksiyalarla əlaqəli olsa da, yoluxucu deyil. Bəzi infeksiyalara, o cümlədən HPV-yə qarşı peyvənd mövcuddur. Bu cür peyvənd uşaqlıq boynu xərçəngi və bəzi digər şişlərin inkişaf riskini azaldır”, – deyə Yevseyev izah edib.

Yeri gəlmişkən qeyd edək ki, dünyada xərçəngə yoluxma halı sadəcə bir dəfə qeydə alınıb. Hadisə Almaniyada baş verib. Belə ki, 53 yaşlı cərrah yumşaq toxuma xərçəngi olan xəstənin əməliyyatı zamanı əlini kəsib. Yaranın dərhal işlənməsi və sarğılanmasına baxmayaraq, beş ay sonra kəsik yerində bədxassəli şiş əmələ gəlib.

İkinci mif: Xərçəng irsən keçir

Həkim bildirib ki, irsiyyət xərçəngin inkişaf ehtimalını artıra bilər, lakin yeganə səbəb deyil.

“Bəzən irsi mutasiya valideynlərdə olmaya bilər, lakin onların uşaqlarında aşkar edilməsi mümkündür. Eyni zamanda, valideynlərdə mutasiyanın olması onun mütləq uşaqlara keçəcəyi demək deyil”, – deyə o bildirib.

Həkimin sözlərinə görə, xərçəng hallarının yalnız 5-10%-i irsən ötürülən mutasiyalarla bağlıdır.

“Əksər hallarda onkoloji xəstəliyin yaranması irsiyyətlə əlaqəsi olmayan digər səbəblərlə bağlıdır”, – deyə həkim qeyd edib.

Onun sözlərinə görə, bəzi onkoloji xəstəliklər, məsələn, yumurtalıq, süd vəzi, yoğun bağırsaq xərçəngi digərlərinə nisbətən daha çox irsən keçir.

“BRCA1/2 kimi mutasiyalar (Ancelina Colinin halı) aşkar edildikdə, daha diqqətli müşahidə və ya hətta profilaktik cərrahi müdaxilələr tələb oluna bilər”, – deyə onkoloq əlavə edir.

Üçüncü mif: Şəkər şişin inkişafına səbəb olur

Mütəxəssisin sözlərinə görə, bu fikrin elmi təsdiqi yoxdur. Şirniyyatdan imtina etməklə xərçəngdən xilas olmaq və ya şişin inkişafını dayandırmaq fikri yanlışdır.

“Xərçəng hüceyrələri normal hüceyrələrə nisbətən daha çox qlükoza qəbul etsə də, şəkərli məhsullar onkoloji xəstəliyi ağırlaşdırmır. Əlbəttə, qidalanmaya diqqət yetirmək, daha çox tərəvəz yemək, qırmızı ətin istehlakını həftədə iki dəfə ilə məhdudlaşdırmaq vacibdir. Rasion sağlamlığın qorunmasında mühüm rol oynayır, lakin xərçəngə qarşı universal həll deyil”, – deyə həkim bildirir.

Bununla belə o, artıq çəkinin bir sıra onkoloji xəstəliklərin (süd vəzi xərçəngi, yaxud uşaqlıq borusu şişləri) risk faktoru hesab edir.

“Sadəcə anlamaq vacibdir ki, rasionda həddindən artıq şirniyyat olduqda, çəkini nəzarətdə saxlamaq çətinləşir”, – deyə o xəbərdarlıq edib.

Dördüncü mif: Dezodorantlar xərçəng yaradır

“Bəzi dezodorantların tərkibində süd vəzi xərçəngi riskini artıra bilən parabenlər olduğuna dair məlumatlar var. Lakin tədqiqatların əksəriyyəti bu kimyəvi maddələrlə süd vəzi toxumalarındakı dəyişikliklər arasında əlaqəni təsdiqləmir”, – deyə o bildirib.

Beşinci mif: Elektron cihazlar xərçəng törədə bilər

Həkim bildirib ki, xərçəngin yaranma səbəbi genetik mutasiyalardır.

“Məişət elektrik cihazlarının yaydığı enerji aşağı tezliklidir və genləri zədələmir. Epidemioloji tədqiqatlar təsdiq edir ki, elektron cihazları onkoloji xəstəliklərin inkişafına səbəb olmur”, – deyə Yevseyev sözlərini yekunlaşdırıb.//Oxu.az

Comments are closed.

Tərcümə »