Almaniya palamenti müxalif Xristian Demokratlar (CDU) tərəfindən hazırlanmış və sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasının dəstəklədiyi sərt immiqrasiya islahatları paketini rədd edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, səs faizləri arasında fərq çox az olub, qanunun qəbulunun lehinə 338 deputat, əleyhinə 350 deputat səs verib.
Fridrix Merz miqrasiya axınının tənzimlənməsi layihəsi üzrə Bundestaqda keçirilən səsvermədə onun fraksiyasının 12 üzvü iştirak etməyib. Ancaq onların səsləri də qanun qəbulu üçün kifayət deyildi. Daha sonra Almaniyanın ARD televiziyasının 1-ci kanalına müsahibəsində Merz etiraf edib ki, onlardan 11-i keçmiş kansler və XDİ-nin keçmiş lideri Angela Merkelin tərəfdarları olub, bir deputat isə sadəcə xəstələndiyi üçün iclasa gəlməyib.
Nəticə Merz üçün daha gözlənilməz olub. Onun qeyri-qanuni miqrasiya ilə mübarizəyə dair beş bəndlik planına sağ populistlərin dəstək verməsi, görünür, kanslerliyə əsas namizəd üçün “ayı xidməti”nə dönüb.
Bildirilir ki, Merz qeyri-qanuni miqrasiya ilə mübarizə üçün Bundestaqa təklif olunan bütün layihələri AfD proqramından götürüb. Bu yolla o, dövrün çağırışına – Almaniya vətəndaşlarının miqrantlar arasında tüğyan edən cinayətə qarşı qəzəbinə cavab vermək və miqrasiya əleyhinə hərəkatın başında duran sağçı populistlərin təsirini azaltmaq istəyirdi.
“Focus” jurnalının köşə yazarı Ulrix Reitz hesab edir ki, Bundestaq bu dəfə alman xalqının iradəsinə zidd olub, çünki sorğuların göstərdiyi kimi, respondentlərin 70%-dən çoxu ölkə sərhədlərində sərt nəzarətin tətbiqini haqlı hesab edir. Bundan əlavə, miqrantlar tərəfindən törədilən qətllər və zorakılıqlardan sonra miqrasiya seçki kampaniyasının əsas mövzusuna çevrilib.
Camaatın əhval-ruhiyyəsini nəzərə alan Merzin əleyhinə işləyən amil o idi ki, o, demək olar ki, bütün antimiqrasiya fikirlərini sağ populistlərdən köçürür və onlar Bundestaqda onun təkliflərinə səs verirdilər. Bu, Merkelin dediyi kimi, belə bir təəssürat yaratdı ki, Merz AfD ilə əməkdaşlıq etməyəcəyinə dair vədinə xilaf çıxıb və miqrasiya əleyhinə planlarını həyata keçirmək üçün onların dəstəyindən yararlanıb.
Comments are closed.